İsrail “Sikorsky” CH-53K ağır helikopterini alan ilk xarici ölkədir.
EDNews.net xəbər verir ki, bu barədə “Flight Global” nəşri yazıb.
Məlumatı yerli İsrail mediası da təsdiqləyib və noyabrın 28-də İsrail hökumətinin hərbi satınalma komissiyasının qərarından sonra bu tip helikopterin alınmasına icazə verdiyini yazıb. Verilən məlumata görə, Təl-Əviv 10-15 ədəd “Sikorsky” CH-53K almaq istəyəcək.
Yeni helikopterlər köhnəlmiş CH-53D helikopterlərini əvəz edəcək
Bundan başqa İsrail ən azı 60 ədəd T408-GE-400 mühərriki, “Browning” GAU-21 pulemyotları, müxtəlif müşahidə və kəşfiyyat cihazları əldə edəcək.
ABŞ Dövlət Departamentinin açıqladığı sənədə görə, bu sövdələşmə həm İsrail hökuməti, həm də ABŞ-ın regiondakı maraqları üçün həyati əhəmiyyət kəsb edir. İsrail ABŞ-ın Yaxın Şərqdəki müdafiə sənayesinin ən böyük müştərisi kimi tanınır və bəzən ABŞ ordusunda belə istifadə olunmayan silah texnologiyaları alır.
Yeni helikopterlər İsrail Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətini artıracaq və hökumət böyük ehtimalla həmin ərazidə hərbi əməliyyatlar zamanı ağır yüklərin və ya əsgərlərin daşınması və ölkənin ərazi bütövlüyünün qorunması üçün onlardan istifadə edəcək.