ABŞ Müdafiə Nazirliyi ilə müqaviləyə əsasən “Boeing” şirkəti istismardan çıxarılan F-16 qırıcılarını hədəf tipli Pilotsuz Uçuş Apratlarına (PUA) çevirəcək.
EDNews.net xəbər verir ki, bu barədə Amerikanın “Military & Aerospace Electronics” jurnalı məlumat yayıb.
Müqavilənin dəyəri 49.7 milyon dollardır. Razılaşma F-16 təyyarələrinin “Block 25” və “Block 30” konfiqurasiyalarının hədəf kimi istifadə edilən QF-16-lara çevrilməsini əhatə edir. Belə bir texnika yüksək keyfiyyətli pilot hazırlığı və yeni silah sistemlərinin sınaqdan keçirilməsi üçün lazımdır.
Tərəflər arasında imzalanan müqavilə təxminən 15 F-16 qırıcısının pilotsuz tam miqyaslı QF-16 hava hədəflərinə çevrilməsini nəzərdə tutur.
Bu pilotsuz qırıcılar 1980-ci illərdə istismardan çıxarılan F-4 “Phantom” reaktiv qırıcılarından çevrilmiş hava hədəfləri parkını əvəz etməlidir. Daha yeni səsdən sürətli QF-16-lar artan təlim mürəkkəbliyi səviyyəsini təmin edir.