İndi isə Ukrayna: Cenevrədə anlaşma olmasa müharibə başlayacaqmı... - Kritik danışıqlar gedir - ednews.net

16 Yanvar,

İndi isə Ukrayna: Cenevrədə anlaşma olmasa müharibə başlayacaqmı... - Kritik danışıqlar gedir

Dünya A- A A+

Bu gün Cenevrədə ABŞ-la Rusiya arasında kritik təhlükəsizlik danışıqları keçirilir.

EDNews.net qeyd edir ki, həmin danışıqlar Rusiyanın Ukrayna sərhədləri boyu iri qoşun qruplaşmaları cəmləşdirərək bu ölkəni üç tərəfdən əhatəyə alması, eyni zamanda ABŞ və NATO-ya “təhlükəsizlik təminatına” dair ultimativ tələblər irəli sürməsi fonunda keçirilir.

ABŞ Dövlət katibinin müavini Vendi Şerman və Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkovun başçılıq etdiyi nümayəndə heyətlərinin  görüşü üçün məkan olaraq  ABŞ-ın Cenevrədəki missiyası seçilib. Rəsmi danışıqlardan əvvəl, ötən gün yanvarın 9-da Şerman və Ryabkov Cenevrədə işçi nahar ediblər. “İki diplomat tərəflərin yanvarın 10-da əsas danışıqlarda müzakirə edəcəyi ikitərəfli mövzulara toxunublar”, – Dövlət Departamenti yanvarın 9-da bildirib.

İkitərəfli danışıqlardan sonra yanvarın 12-də Brüsseldə NATO-Rusiya Şurasının iclası keçiriləcək, yanvarın 13-də isə Vyanada ATƏT çərçivəsində çoxtərəfli danışıqlar olacaq.

Dövlət Departamenti Cenevrədə yalnız müəyyən ikitərəfli məsələlərin müzakirə olunacağını bəyan edib: “Avropalı müttəfiqlərimiz və tərəfdaşlarımız olmadan Avropanın təhlükəsizliyinə dair heç bir müzakirələr aparmayacağıq”

Məlumata görə, Şerman görüşdə Birləşmiş Ştatların suverenlik, ərazi bütövlüyü və suveren ölkələrin öz alyanslarını seçmək azadlığı ilə bağlı beynəlxalq prinsiplərə sadiqliyini vurğulayıb. Söhbət Ukraynadan və onun NATO-ya qoşulmaq istəyindən gedir. Ryabkov isə nahardan sonra jurnalistlərə deyib ki, tərəflər substantiv məsələləri müzakirə ediblər və 10 yanvar danışıqlarının “çətin” keçəcəyini gözləyir.

Putin NATO-nun şərqə doğru genişlənməsini, Ukrayna və Gürcüstan kimi keçmiş sovet respublikaları ilə əməkdaşlığı dayandırmasını tələb edir. Kreml həmçinin alyansın Şərqi Avropadan əsgər və silahlarını geri çəkməsini istəyir.

ABŞ-ın Dövlət katibi Entoni Blinken danışıqlar ərəfəsində bəyan edib ki,  Rusiya Ukraynanın “başına silah dirədiyi müddətdə” Moskva ilə danışıqlarda irəliləyiş əldə etmək mümkün deyil.

“Bu ziddiyyətləri yoluna qoymağa cəhd etmək, qarşıdurmadan yayınmaq üçün dialoq və diplomatiya yolu var”, – Blinken yanvarın 9-da CNN-ə deyib. Blinken başqa bir müsahibəsində deyib ki, Moskva Ukrayna ərazisinə daha çox girərsə, Rusiya kəskin sanksiyalar, ABŞ və müttəfiqlərinin cavab reaksiyası ilə üzləşəcək.

“Reuters” agentliyi bildirir ki, Cenevrə danışıqlarından Vaşinqtonun gözləntisi Rusiyanın Ukraynaya yeni hərbi müdaxiləsinin qarşısını almaq, eyni zamanda Kremlin bu yaxınlarda təqdim etdiyi təhlükəsizlik təminatı tələblərində ona güzəştə getməməkdir. Eyni zamanda Rusiya rəsmiləri bu təhlükəsizlik təminatı şərtlərində hər hansı güzəşti istisna edirlər və belə çıxır ki, danışıqlar əvvəlcədən iflasa məhkumdur. Bu isə o deməkdir ki, Rusiya prezident Putinin xəbərdarlıq etdiyi kimi, “NATO-nun onun ölkəsinin sərhədlərinə yaxınlaşmasına cavab olaraq” qəti addımlar atacaq, yaxud müharibə əmrini verəcək.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...