Son 24 saat ərzində öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edən ölkələrin sayı kəskin artıb. Artıq 35 ölkənin vətəndaşlarına tövsiyələr verilib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “Pool No 3” Teleqram kanalı yayıb.
Nəşr xatırladır ki, bir gün əvvəl 20-yə yaxın ölkə öz vətəndaşlarına hərbi münaqişə təhlükəsi ilə bağlı Ukrayna ərazisini tərk etməyi tövsiyə etmişdi.
Onların arasında Avstraliya, Böyük Britaniya, Latviya, İsrail, Kanada, Yunanıstan, Yeni Zelandiya, Niderland, Norveç, ABŞ, həmçinin Finlandiya, Monteneqro, Estoniya, Cənubi Koreya, Yaponiya, Belçika, Almaniya və Litva var.
Siyahıya bir gecədə Küveyt, İraq, İtaliya, İspaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, İsveç, Sloveniya, İordaniya, Fələstin, Mərakeş, Lüksemburq, Baham adaları, həmçinin Şimali Makedoniya, Albaniya, Bolqarıstan, Bəhreyn və Kipr qoşulub.
Eyni zamanda, Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrell Aİ-nin Ukraynadakı diplomatik nümayəndəliklərini bağlamayacağını bildirib.
Fevralın 11-də ABŞ dövlət katibi Rusiyanın Ukraynaya hər an işğala başlaya biləcəyini bildirib və ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya “işğal” tarixi kimi fevralın 16-nı göstərib.