Ermənistanın Kotayk rayonunun Ptqni yaşayış məskənində fiziki şəxslərə və icmaya məxsus olan 5.44 hektar torpaq sahələri prioritet ictimai maraq kimi tanınıb.
Ednews xəbər verir ki, müvafiq qərar fevralın 23-də Ermənistan hökumətinin iclasında qəbul edilib.
Bu qərarın qəbulu Abovyan yeraltı qaz anbarının zəmanətli, fasiləsiz, təhlükəsiz və səmərəli fəaliyyətinin təmin edilməsi ilə əlaqədardır. Bu da “Qazprom Ermənistan”ın bu torpaq sahələrinə müvafiq hüququnun qeydiyyatı olmadan mümkün deyil.
Qaz anbarı Ermənistanda illik (mövsümi) qaz istehlakını tənzimləmək, eləcə də ölkəyə qaz idxalına məhdudiyyətlər yarandıqda istehlakçıları təbii qazla təmin etmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Qazprom Ermənistan” QSC Rusiyanın “Qazprom” şirkətinin 100% törəmə şirkətidir.