Avstriya kansleri Karl Nehammer Moskvanın Ukraynaya təcavüzündən sonra Rusiya prezidenti Vladimir Putinlə üzbəüz danışan ilk Avropa lideri olacaq.
Ednews “euronews”a istinadən xəbər verir ki, Nehammer aprelin 11-də Rusiyanın paytaxtına səfər edəcək. Səfər çərçivəsində o, Moskva ilə Kiyev arasında “körpü qurucusu” kimi fəaliyyət göstərməyi hədəfləyir.
Kansler "müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi etməyə" və "sülh istiqamətində addımların atılmasını təmin etməyə" ümid etdiyini söyləyib.
"Biz hərbi cəhətdən neytralıq, lakin neytrallıq üçün istisnalar var. Cinayətləri qəbul etmək və onları müzakirə etməkdə neytral deyilik",- deyə Nehammer şənbə günü Kiyevdə Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Qeyd edək ki, Ukrayna səfəri zamanı Nehammer rus qoşunları tərəfindən törədilmiş hərbi cinayətlərin olduğu iddia edilən Buça şəhərini də gəzib.
BMT-nin bu pozuntuları araşdırması, beynəlxalq ədalətin bərpa olunmasınını zəruriliyindən bəhs edən kansler Rusiyanın hazırda Ukrayna torpaqlarında törətdiyi hərbi cinayətlərin hələ də davam etdiyini bildirib.