“Lukaşenko Rusiya-Ukrayna savaşına müdaxilə edərsə, bu yeni etiraz dalğasına səbəb ola bilər”.
Bu fikri ednews-a Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun eksperti, politoloq Mikola Zamikula Lukaşenkonun “İsgəndər” və “S-400” raketləri ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Politoloq Lukaşenkonun müstəqil siyasətçi olmadığını və qərarlarının Rusiyadan asılı olduğunu vurğulayıb:
“Özünü Belarus “prezidenti” elan edən Aleksandr Lukaşenkonun hərəkətlərini və dediklərini ciddiyə almamalıyıq. 2020-ci ildə baş verən kütləvi etirazlardan sonra Lukaşenkonun hakimiyyətini Rusiya xilas etdi. Ona görə də, Lukaşenko Kremlin istəklərini yerinə yetirməyə məcburdur. Bununla da Belarus faktiki olaraq Rusiyanın nəzarətinə keçib. Bunun nəticəsində də Lukaşenko Rusiyaya icazə verib ki, Belarus ərazisini hərbi baza kimi istifadə etsin”.
Mikola Zamikula qeyd edib ki, Lukaşenko müharibədə birbaşa iştirak etməmək üçün əlindən gələni edir:
“Belarus prezidenti Rusiyanın işğal planının uğurla getmədiyini anlayır. Bu səbəbdən onların savaşa müdaxilə etməyəcəyini düşünürəm. Çünki bu baş verərsə, Lukaşenkonun rejimi fəlakətə uğrayacaq. O anlamalıdır ki, döyüş təcrübəsi olmayan kiçik Belarus ordusu cəbhədə heç bir nəticə əldə edə bilməz. Həmçinin Belarus xalqı da Rusiyanı dəstəkləmir. Ona görə də, Lukaşenkonun müdaxilə etmək fikri yaranarsa, bu yeni etiraz dalğasına səbəb ola bilər. Bu zaman ruslar da onu xilas edə bilməyəcək”.
Ekspertin fikrincə, Belarus rəhbərinin yeni silahlarını dilə gətirməsi qərblə qarşıdurmada Rusiyanın növbəti addımıdır:
“Lukaşenkonun çıxışı Polşa və Baltikyanı ölkələri təhdid etmə məqsədi daşıyır. Rusiya istehsalı olan “super silah”lar sadəcə şişirdilir. Son illərin hadisələrindən də aydın oldu ki, heç bir silah peşəkarlığı və döyüş əzmini əvəz edə bilməz. Bunun bariz nümunəsi 44 günlük müharibədir. Həmin vəziyyət indi Ukraynada təkrarlanır. Ermənistanın da “İsgəndər” raketləri var idi, hətta bu silahlar müharibədə istifadə edilmişdi. Yenə də bu, cəbhədəki vəziyyəti dəyişmədi. Deməli, Putin və Lukaşenko yalnızca qərbi qorxutmağa çalışır. Bu təhdidlər isə ümidsiz cəhdlərdən başqa bir şey deyil”.
Xatırladırıq ki, mayın 20-də Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasının Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitinlə görüşüb. Müzakirə zamanı Lukaşenko qeyd edib ki, Rusiyadan kifayət qədər “İsgəndər” və “S-400” raketi alınıb. Belarus prezidenti bu silahların böyük zərər vura bildiyini xüsusi vurğulayıb.
Xanlar Əlibəy