Ermənistanın baş naziri Nikol Paşinyanla İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması perspektivləri müzakirə olunub.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.
Mənbə yazır ki, Paşinyan Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişellə görüşündən aldığı təəssüratlardan danışıb.
“Paşinyan və Rəisi regional kommunikasiyaların blokadadan çıxarılması, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlərin başlanması, hər iki ölkə arasında münasibətlərin nizamlanması perspektivləri və Qarabağ məsələsinin həlli prosesi ilə bağlı fikir mübadiləsi aparıblar”, - Ermənistan hökumətinin bəyanatında deyilir.