Çinin Sıchuan əyalətində baş verən 6,6 bal gücündə zəlzələdə ölənlərin sayı 65-ə çatıb.
Ednews "Washington Post"- a istinadən xəbər verir ki, dünən yerli vaxtla saat 12:52-də baş verən zəlzələdən sonra dağıntılar altında qalan ərazilərdə axtarış-xilasetmə işləri davam edir.
Yerli hakimiyyət orqanlarından verilən açıqlamada 248 nəfərin yaralandığı, onlardan 56-nın vəziyyətinin ağır olduğu bildirilib.
Yaralıların xəstəxanada müalicəsinin davam etdiyi, itkin düşən 12 nəfərdən isə hələlik xəbər olmadığı bildirilib.
Zəlzələ nəticəsində 243 ev dağılıb, 13 min ev və 7 su elektrik stansiyası zədələnib, bəzi magistral yollar yararsız hala düşüb.
Çinin rəsmi xəbər agentliyinin verdiyi açıqlamada, xilasetmə qruplarının zəlzələ bölgəsində qalan 200-dən çox insanın təxliyəsi üçün işlərini davam etdirdiyi qeyd edilib.
Zəlzələnin episentri olan Lüdinq bölgəsində zədələnmiş telefon, elektrik xətlərinin və su şəbəkələrinin təmiri davam etdirilir. Zərər çəkənlərə ərzaq yardımı edilir.
Zəlzələ ilə əlaqədar yüksək səviyyəli fövqəladə xəbərdarlıq rejiminə keçən Sıchuan əyalətində zəlzələ qurbanları üçün çadır düşərgələr qurulub.
Nəzrin Beydiyeva