Türkmənistan öz vətəndaşlarına viza rejiminin tətbiq edilməsini Türkiyədən xahiş edib.
Türkmənistan vətəndaşları turizm məqsədilə Türkiyədə 30 günə qədər vizasız qala bilərlər. Bəs maraqlıdır ki, buna səbəb nə ola bilər?
Mövzu ilə bağlı turizm eksperti Əziz Şiriyev Ednews-a açıqlamasında bildirib ki, Türkmənistan qapalı dövlətdir. Vətəndaşlarının ölkədaxilində olan vəsaitlərini xarici ölkələrdə xərcləməyi ölkəyə sərf etmir.
“Vizasız şəkildə getdikdə isə ən az 3 ay səfər edə bildiklərinə görə həmin vəsaitləri xarici ölkələrdə xərcləməli olurlar. Türkmənistanın yeni prezidenti də eyni siyasət yürüdür ki, ölkə vətəndaşları xarici ölkələrdə uzunmüddətli qalmasın. Bu yolla da maddi vəsaitlərin ölkədən kənara çıxışının qarşısını alırlar”- deyə ekspert bildirib.
Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Ednews-a açıqlamasında bildirib ki, Türkmənistan postsovet ölkəsi olaraq həmişə ehtiyyatlı siyasət keçirir. Həmçinin qapalı ölkədir.
“Ölkə olaraq çalışırlar ki kənar müdaxilələr neqativ təsirlər ölkənin daxilindəki vəziyyətə təsir etməsin. Bəli beynəlxalq terrorla mübarizədə bütün ölkələr iştirak edirlər. Mübarizəyə rəğmən bəzi dövlətlər daxildə olan radikal qrupların fəaliyyətini rəsmən olmasa da məqbul sayırlar. Hansı ki, həmin dövlətlər, xüsusilə, müsəlman dövlətlərinə müdaxiləni beynəlxalq tranzitlərdən və kommunikasiyalar vasitəsilə istifadə etməyə çalışırlar. Hesab edirəm ki, Türkmənistanın Türkiyəyə müraciət etməsi təhlükəsizliyin qorunması ilə əlaqədardır”.- deyə politoloq bildirib.