Bosniya və Herseqovina Avropa İttifaqının (Aİ) Mülki Müdafiə Mexanizminə tamhüquqlu üzv kimi daxil olub.
Ednews AZƏRTAC-a xəbər verir ki, Avropa Komissiyasının məlumatına görə, Bosniya və Herseqovina təbii fəlakətlər zamanı həmrəylik nümayiş etdirmək üçün yaradılan mexanizmin yeni üzvü olub. Bosniya və Herseqovina əvvəllər Aİ Mülki Müdafiə Mexanizminin yardım alan üzvü idi, lakin bundan sonra tamhüquqlu üzv kimi ehtiyac yaranacağı təqdirdə müraciət edən ölkələrə yardım da göndərəcək.
Bosniya və Herseqovinanın mexanizmdə iştirakı ilə bağlı sentyabrın 6-da Sarayevoda Avropa Komissiyasının böhranların idarə olunması üzrə məsul nümayəndəsi Janez Lenarçiçin iştirakı ilə imzalanma mərasimi keçiriləcək.
Qeyd edək ki, Aİ-yə üzv 27 ölkə ilə yanaşı, İslandiya, Norveç, Serbiya, Şimali Makedoniya, Monteneqro, Türkiyə və Bosniya və Herseqovina Mülki Müdafiə Mexanizminin üzvüdür. Mexanizm yanğın, sel, zəlzələ kimi təbii fəlakətlərə hazırlıq və onların fəsadlarının aradan qaldırılması kimi məqsədlər üçün istifadə olunur.