Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Qərb kəşfiyyatı, ilk növbədə, Fransa agentlərinin respublikada yerləşdirilməsi üçün bir vasitədir. Gələcəkdə bu, İrəvanın KTMT-dən çıxmağına şərait yaradacaq.
Ednews xəbər verir ki, bu fikirləri özünün Telegram kanalında rusiyalı hərbi ekspert İqor Korotçenko yazıb.
Onun fikrincə, son bir il ərzində Fransanın xarici siyasəti tamamilə dağıdıcı olub, o cümlədən Cənubi Qafqazdakı vəziyyətə fəal müdaxilə edib.
“Biz görürük ki, Ermənistan baş naziri Nikol Paşinyan, sözün əsl mənasında Fransanın Cənubi Qafqaz regionuna daxil olması üçün qapını açmağa hazırdır. Məlumdur ki, Aİ-nin monitorinq missiyasındakı işçilərin əhəmiyyətli bir hissəsi Fransa vətəndaşlarıdır. Onlar diplomat kimi qeydə alınırlar, amma əslində diplomatik pərdə altında Fransa xarici kəşfiyyatının əməkdaşlarıdırlar. Təbii ki, missiyalarının bir hissəsi olaraq casusluq və təhrikçilik fəaliyyəti ilə məşğul olacaqlar”, - İqor Korotçenko xəbərdarlıq edib.
Ekspert vurğulayıb ki, Aİ missiyasının məqsədlərindən biri Ermənistan ərazisində Rusiya, İran, Azərbaycan və regionun digər ölkələrinə qarşı kəşfiyyat və təxribat işlərinin aparılması üçün tramplin yaratmaqdır:
“Ortamüddətli məqsəd Ermənistanın KTMT-dən çıxması və Rusiya ilə müttəfiqlik münasibətlərini pozması üçün lazımi şərtləri hazırlamaqdır”.