Mərakeş və ABŞ “Afrika Aslanı 2023” hərbi təlimlərinə başlayıb.
Mərakeşin Aqadir şəhərində keçirilən hərbi təlimlər havada və dənizdə yerinə yetirilən taktiki manevrləri əhatə edir.
Ardıcıl 19-cu dəfədir keçirilən və bir çox ölkənin hərbi qüvvələrini birləşdirən təlim özündə kütləvi qırğın silahlarına qarşı mübarizə yollarını da birləşdirir.
Mərakeşlə ABŞ arasında keçirilən hərbi təlimlərin məqsədi və əhəmiyyəti barədə mərakeşli siyasi ekspert Camal Eyd Ladam Ednews-a özəl açıqlamasında məlumat verib.
O qeyd edib ki, ABŞ və Mərakeş hərbi qüvvələri arasında mövcud əməkdaşlıq dəyərlərinə əsaslanan hərbi təlimlərin keçirilməsində başlıca məqsəd regional sülhü, beynəlxalq təhlükəsizlik və sabitliyi dəstəkləməkdir.

“Müttəfiqlər arasında hərbi və təhlükəsizlik sahəsindəki əməkdaşlıq Afrika qitəsində və bütövlükdə ərəb dünyasında birgə hərbi əməliyyatların əsas elementlərindən biri hesab olunur. Mərakeş 2004-cü ildən bəri Amerika Birləşmiş Ştatlarının strateji və hərbi müttəfiqidir”.
Mərakeşli politoloq qeyd edib ki, Mərakeş-ABŞ birgə hərbi təlimlərində bu dəfə 30 mindən çox hərbi qulluqçu iştirak edir. Bu rəqəm qitədə bu təlimin miqyasının genişliyinə və vacibliyinə dəlalət edən faktdır.
“Birgə hərbi təlimlərin terrorizmlə mübarizə, silahlı qruplaşmaların regional sabitliyə təhdidlərinin qarşısını almaqda müsbət rolu var. Hər iki ölkə bu istiqamətdə fəaliyyəti genişləndirmək üçün kəşfiyyat mexanizmlərinin yaradılmasına önəm verir”.
Camal Ladam onu da bildirib ki, rəsmi Rabat və Vaşinqton arasında kəşfiyyat məlumatlarının mübadiləsi Afrikada terror təhlükəsi, dini ekstremizm və insan alveri risklərini azaldır.
“Kütləvi qırğın silahları ilə mübarizəyə gəlincə, ABŞ Ordusu və Mərakeş Krallığı Silahlı Qüvvələri müştərək beynəlxalq hərbi əməkdaşlıq prinsipinə uyğun olaraq kimyəvi, radioloji və nüvə silahı təhlükəsinə qarşı mübarizəni nəzərdə tutan proqrama qoşulublar. Mərakeş Krallığı “Afrika Aslanı” hərbi təlimlərinin keçirilməsinə dair öhdəliyinə sadiqliyini nümayiş etdirməyə davam edir. Bu, beynəlxalq münasibətlərin prinsiplərində nəzərdə tutulan beynəlxalq alyansın yaradılmasında Amerika-Mərakeş hərbi əməkdaşlığının vacibliyinə sübutdur”.
Törə Zeynal