Moskva administrasiyasının keçmiş əməkdaşı, Dağıstan əsilli rusiyalı iş adamı, sahibkar və investor Maqomed Musayev qlobal Forbes brendinin sahibi olan “Forbes Media Group” şirkətini alıb.
Ednews xəbər verir ki, bunu Musayev həmkarlarından birinə deyib.
“Mən indicə qlobal Forbes-i aldım. Bu, dünyanın ən nüfuzlu brendinin açarıdır, bu açar mənə hər kəsə giriş imkanı verəcək”. “Washington Post” qəzeti onun dediklərindən sitat gətirib.
Hüquqi sənədlərə əsasən, sövdələşmə amerikalı Ostin Rasselin adına rəsmiləşdirilib. Bu sənədlərə görə, o, Forbes-in nəzarət səhm paketi üçün 800 milyon dollar ödəyib. Satıcı 2014-cü ildə Forbes ailəsindən Forbes Media-nı satın alan Honq Konq şirkəti Integrated Whale Media Investments (IWMI) olub.
Xatırladaq ki, 60 yaşlı Maqomed Musayev Ümumrusiya Sərgi Mərkəzinin keçmiş direktoru, 2018-ci ildə aldığı Rusiyanın Forbes franşizinin sahibidir.
Yeri gəlmişkən, o, Rusiya siyasətinin veteranı və Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipovun kürəkənidir.
Qeyd edək ki, maliyyə-iqtisadi jurnal olan Forbes 70 ölkədə nəşr olunur.