İqlim dəyişikliyi və Rusiya-Ukrayna müharibəsinin təsiri ilə yenidən gündəmə gələn nüvə enerjisi uranın qiymətlərində sıçrayışa səbəb olub.
Ednews sozcu.com.tr-a istinadən xəbər verir ki, Uranın qiymətindəki artım qızılı, gümüşü və misi ötüb.
2011-ci il Fukusima faciəsindən sonra uzun müddət heç kimin üstünlük vermədiyi nüvə enerjisinə maraq yenidən canlanmağa başladı.
Hökumətlər iqlim dəyişikliyinin təsiri ilə atom elektrik stansiyalarının istehsal etdiyi karbonsuz enerjiyə marağı təzələsə də, Rusiya-Ukrayna müharibəsi səbəbiylə Rusiya enerjisinə alternativ axtarışlar da nüvə enerjisinə marağı artırıb.
Nüvə enerjisinə qayıdış uranın qiymətini artırdı. Son 5 ildə uranın qiyməti 233 faiz artıb. Beləliklə, uranın qazancı qızıl və misin qazancını üç dəfə üstələyib.
Uranın qiymətindəki artım birjada satılan şirkətlərin səhmlərində də özünü göstərib. Dünyanın ən böyük uran istehsalçısı olaraq Qazaxıstanı geridə qoyması gözlənilən Kanadada uran şirkətlərinin əksəriyyəti son 4 ildə 400 faizdən çox artıb.
Rusiyanın təcrid olunması tədarük boşluğunu daha da artırır. Avropa ölkələri nəinki elektrik stansiyalarının əksəriyyətini yanacaqla təmin edən Rusiya təbii qazını əvəz edəcək alternativ yanacaq tapmaqda çətinlik çəkirlər, həm də xam və zənginləşdirilmiş uran üçün Rusiyaya arxalanırlar.
Xəyal