ABŞ hökuməti Rusiyanın 30-dan çox fiziki, 360-dan çox hüquqi şəxsinə qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, sanksiya tətbiq olunan şirkətlər əsasən Rusiyanın hərbi sənaye kompleksi ilə əlaqəli şirkətlər və müəssisələr, konstruktor büroları və elmi-tədqiqat institutlarıdır.
Siyahıda, həmçinin “Mordoviyanın Pilotsuz Texnologiyaları”, “Arsenal” Elmi-Texniki Mərkəzi, “Rusiya Hava Nəqliyyatı Laboratoriyası”, eləcə də Moskva Aviasiya İnstitutu var.
EDnews xəbər verir ki, sanksiya siyahısına Rusiya şirkətləri ilə yanaşı, xarici hüquqi şəxslər, o cümlədən Çin, Türkiyə, İsveçrə və Özbəkistandan olan hüquqi şəxslər də daxil edilib.
Maliyyə Nazirliyindən qeyd edilib ki, sanksiyalar Rusiya hərbi-sənaye kompleksi üçün texnologiya və mal tədarükçülərinə, eləcə də əvvəllər tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərdən yayınmanın qarşısının alınmasına yönəlib.
“ABŞ hökuməti Rusiyanın Ukraynada müharibə aparmasına kömək etdiyinə görə 400-ə yaxın fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib, məhdudiyyətlər Rusiyanın hərbi-sənaye kompleksinə və enerji sektoruna qarşı yönəlib”.
Bu barədə ABŞ-nin Dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.
“Bu tədbirlər Rusiyanın hərbi səyləri üçün həyati əhəmiyyət kəsb edən bir sıra sektorlara qarşı yönəlib”, - Blinken bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlər çoxsaylı üçüncü ölkələrin qurumlarının, Rusiya Müdafiə Nazirliyinin bir sıra yüksək rütbəli əməkdaşlarının, müdafiə şirkətlərinin sanksiyalardan yayınmasına və gələcəkdə Rusiyanın enerji təchizatı və ixracının artırılmasını dəstəkləyən şəxslərə qarşı yönəlib.