Yaponiyanın ən böyük müxalif siyasi təşkilatı olan Demokratik Partiya (YDP) sentyabrın 15-də yeni liderini seçib.
YDP-nin sədri vəzifəsi uğrunda üç namizəd mübarizə aparıb – partiyanın sədri vəzifəsini icra edən Renho, sabiq xarici işlər naziri Seyci Maehara və parlament məsələləri üzrə komitə sədrinin müavini Yuiçiro Tamaki.
İki həftə davam edən seçkiöncəsi kampaniya zamanı namizədlər 2012-ci ildə hakimiyyətdən uzaqlaşdırılan YDP-nin öz mövqelərini bərpa etməsi üçün vacib olan məsələlərdən danışıblar. Namizədlər, həmçinin parlamentin aşağı palatasına qarşıdan gələn seçkilərdə digər müxalif partiyalarla əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Səsvermə partiyanın bu gün keçirilən qurultayında baş tutub. 48 yaşlı Renho digər namizədləri üstələyərək YDP-nin yeni sədri seçilib. O, YDP tarixində partiyanın sədri seçilən ilk qadındır.
Partiyanın yeni lideri sabiq sədr Katsuya Okadanı əvəz edib.