"Eurasia Diary" xəbər verir ki, oktyabrın 30-da İran Parlamentində (İslam Şurası Məclisi) Türk deputatlardan ibarət fraksiya rəsmən fəaliyyətə başlayıb.
Bu haqda Turkustan.info saytına Ümid Partiyasının sədr müavini Rüfət Muradlı məlumat verib. O bildirib :”Artıq neçə aydır bu haqda müzakirələr gedirdi. Nəhayət parlamentdə ölkədəki türklərin təmsilçilərindən 100-ə yaxın deputatın iştirakı ilə fraksiya yaradılıb. Şərqi Azərbaycandan millət vəkili Məsud Pezeşkiyan fraksiyanın sədri, Urmiyənin parlamentdəki təmsilçisi Nadir Qazipur və Ərdəbilin deputatı Rza Kərimi sədr müavinləri seçiliblər.
Fraksiyanın fəaliyyətinin sonucunu gözləmədən, parlamentdə təmsil olunanların hansı filtrlərdən keçməsini belə nəzərə alaraq “Türk faktoru”nun daim məhdudiyyətlərə düçar olduğu İran gerçəyində ilkin dəyərləndirməm budur ki, bütünlükdə bu hadisə irəliyə doğru atılmış bir addımdır. İnanırıq ki, yaradılmış fraksiya öz fəaliyyətində Azərbaycan və ölkədəki bütün türklərin sorunlarının çözülməsində təsirli olsun”.