Kubanın hakimiyyət orqanları Fidel Kastronun ölümü ilə bağlı ölkədə doqquzgünlük matəm elan olunması barədə qərar qəbul ediblər.
Kuba inqilabı liderinin dəfn mərasimi dekabrın 4-də Santyaqo-de-Kuba şəhərində keçiriləcək. Bir qədər əvvəl mərhumun qardaşı, Kuba lideri Raul Kastro cəsədin kremasiya olunacağını bildirmişdi.
Xatırladaq ki, Fidel Kastro dünən ömrünün 91-ci ilində vəfat edib.
Ada dövlətin təxminən 50 illik tarixi Fidel Kastro ilə bağlıdır. O, dünya tarixində hakimiyyətdə ən çox qalmış üçüncü dövlət başçısıdır. Belə ki, 1959-2006-cı illərdə Kuba hökumətinə və dövlətinə rəhbərlik edib. Səhhətinin pisləşməsi ilə əlaqədar 2006-cı il iyulun 31-də vəzifələrini və səlahiyyətlərini qardaşı Raul Kastroya verib.
Hakimiyyətdə olduğu müddətdə ona 600 dəfədən çox sui-qəsd təşkil olunub və Fidel Kastro bu göstəriciyə görə “Ginnesin rekordlar kitabı”na düşüb.