"The Guardian" yazır ki, Argentinanın keçmiş prezidenti Cristina Fernández de Kirchner-ə qarşı korrupsiya ittihamı irəli sürülüb.
Federal hakim Julian Ercolini keçmiş prezident barəsində qanunsuz biznes fəaliyyəti və dələduzluq ittihamlarını təsdiq edib.
Onunla birlikdə ittiham olunan hökumət rəsmilərindən başqa, qanunsuz kontraktlardan mənfəətlənmiş biznesmen Lazaro Baez-ə qarşı da cinayət işləri qaldırılıb.
Hakim hər bir təqsirləndirilənin 663 milyon dollarlıq mülkiyyətinin dondurulması barədə də qərar çıxarıb, lakin onların bu qədər sərvətinin olub-olmaması aydın deyildir.
Təqsirləndirilənlər 2003-cü ilin mayı və 2015-ci ilin dekabr ayı arasındakı müddətdə infrastruktur işləri üçün ayrılmış dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunurlar.
Fernández ona qarşı irəli sürülmüş ittihamları rədd edir.
Vəzifəsini 2015-ci ilin dekabrında tərk etmiş Fernández iddia edir ki, o hazırkı prezident Mauricio Macri-nin qisasçılığının qurbanı olub.
Ötən may ayında, keçmiş prezident birjadakı valyuta mübadiləsinə müdaxilə edərək hökumətə iqtisadi ziyan vurmaqda ittiham edilmişdi.
Hakimlər xanım Fernadez-ə qarşı daha bir iddia üzrə cinayət işinin bərpa olunmasına hazırlaşırlar.
Keçmiş prezident 1994-cü ildə Argentina-İsrail Cəmiyyətinə qarşı bomba basqınında şübhəli bilinən iranlıların işini ört-basdır etməkdə şübhəli sayılır.
Həmin basqın zamanı binanın uçması nəticəsində 85 nəfər həlak olmuşdu.
Həmin cinayətə görə heç kim məsuliyyətə cəlb edilməmişdi, lakin 2015-ci ilin yanvarında Argentinanın ovaxtkı prokuroru xanım Fernandez-i bu işdə İranın əli olmasını ört-basdır etməkdə günahlandırmışdı.
Prokuror Alberto Nisman bu işi konqresə təqdim etməyə hazırlaşarkən meyiti tapılmışdı. Onu başından güllələmişdilər. Bu ölüm hadisəsi indiyədək açılmamış qalır.