ABŞ Prezidenti Donald Tramp ötən günlərdə yenidən sensasiyalı bir açıqlama verib. Tramp açıq şəkildə 1987-ci ildə SSRİ ilə imzalanan Nüvə raketlərinin ləğv edilməsi haqqında razılaşmadan təktərəfli olaraq imtina edəcəklərini bildirib. Buna səbəb kimi isə o Rusiyanın bu razılaşmanın prinsiplərinə riayət etməməsini göstərib. Rusiyadan da bu açıqlamaya sərt reaksiya gəlib. Beləliklə, bu gün iki supergücün bütün imkanları ilə silahlanma yarışına davam etmələri təhlükəsi meydana gəlib ki, bu da çox ciddi bir sualı ağıllara gətirir: “Dünya Nüvə müharibəsi astanasında?"
Rusların da qeyd etdiyi kimi Trampın bu açıqlaması şantaj xarakterlidir. Ancaq Trampın hansı fikrinin təhdid, hansı fikrinin real addımlarla bağlı olmasını müəyyən etmək çox çətindir. Bəs Trampın bu açıqlamanı verməsinə səbəb nədir? Niyə o, Nüvə razılaşmasından imtina etmək niyyətini bu qədər açıq formada bəyan edir?
Bu suallara cavab vermək o qədər də çətin deyil. Çünki, hal-hazırda Trampın addımlarının və açıqlamalarının böyük əksəriyyəti 6 noyabr seçkilərinə istiqamətlənib. Yəni, Trampın Nüvə razılaşmasından imtina edəcəyi ilə bağlı açıqlama verməsinin birinci səbəbi onu “ruspərəstlikdə” gunahlandıran müxalifəti susdurmaq və seçkiqabağı öz tərəfdarlarının dəstəyini artırmaq məqsədini güdür.
İkinci səbəb kimi isə Rusiyanın getdikcə artan nüvə gücünü göstərə bilərik. Tramp öz açıqlamasında qeyd edir ki, “Rusiyanın Krımda və Kalinqradda “İsgəndər-M” raketlərini yerləşdirməsi nüvə razılaşmasının prinsiplərinə uyğun deyil. Rusiya bu prinsiplərə əməl etmirsə biz niyə bu razılaşmada qalmalıyıq?”
Bəli,Tramp Rusiyanı təhdid edir. Əgər Rusiya nüvə raketlərinin sayını artırsa ABŞ yeni silahlanma yarışı başladacaq. O yarış ki, SSRİ bu yarışa davam gətirə bilmədi. Putin əslində çox narahatdır. O yaxşı bilir ki, məhz Krımdakı “İsgəndər-M”-lərin ABŞ tərəfindən qeyd edilməsi təsadüfi deyil. ABŞ Rusiyanın ilhaq etdiyi ərazilərdəki hərbi gücünü zəiflətməyi planlaşdırır. Ancaq bu məsələdə Putinin bir növ əli-qolu bağlıdır. Əgər Trampın sözləri şantaj deyil, həqiqət kimi ortaya çıxarsa bu halda Rusiya dayanıqsız iqtisadiyyatı və üzləşdiyi sanksiyalarla mübarizə aparan bir vaxtda “nüvə yarışına qoşulacaq”.
Fikrimcə, Trampın bu açıqlaması sadəcə hədə-qorxudan ibarətdir. Tramp belə mürəkkəb siyasi vəziyyətdə bu riskə gedə bilməz. Amma onun əsas məqsədi ruslara təzyiq göstərib, onların nüvə gücünü zəiflətməkdir. Tramp diplomatiyasına artıq bələdik. Onun diplomatiyasında ancaq və ancaq məcburetmə metodlarından istifadə edilir. O, eyni üsulla Meksika, Kanada, Şimali Koreya, Çin, Türkiyə və İranla yaranan problemləri silahlı insidentə yol vermədən həll etməyə çalışıb. Və qismən də məqsədlərinə çatıb. Rusiya ilə nüvə məsələsində nə qədər uğur qazanacağını demək üçün isə hələ tezdir.
Nicat İsmayılov