Bu gün Azərbaycanın əməkdar incəsənət xadimi, yazıçı, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi, bir sıra tarixi romanların müəllifi Məmməd Səid Ordubadinin doğum günüdür.
Ednews xatırladır ki, Məmməd Səid Ordubadi 1872-ci il martın 24-də Ordubad şəhərində dövrünün tanınmış ziyalısı və şairi Hacıağa Fəqirin ailəsində anadan olub. İlk təhsilini molla yanında, sonra isə Mirzə Baxşı adlı müəllimin məktəbində alıb. Sonralar Məhəmməd Tağı Sidqinin açdığı üsuli-cədid məktəbində oxuyub. Ədəbi yaradıcılığa 14-15 yaşlarından başlayıb. 1903-cü ildə "Şərqi-Rus" qəzetində qəzetin nəşrə başlanmasını alqışlayan ilk şeri çap olunub. 1906-cı ildə Tiflisdə "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şeir kitabları çap edilib. "Molla Nəsrəddin" jurnalı gələcək ədibin yaradıcılığına böyük təsir göstərib. Bakıda çıxan bir sıra qəzetlərin fəaliyyətində, "Tuti", "Babayi-Əmir" jurnallarında yaxından iştirak edib. Lakin hökumət dairələrinin Ordubadiyə qarşı artan şübhələri nəticəsində 1914-cü ilin yanvarında Saritsın şəhərinə sürgün edilib. Buna rəğmən, vətəndəki dostları ilə əlaqə yaradaraq yazdığı yeni əsərlərini çap etdirməyə müvəffəq olub. 1914-cü ildə Bakıda ədibin "Bədbəxt milyonçu" və "Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi" əsərləri çapdan çıxıb. 1917-ci ildə bolşevik inqilabı sayəsində azad olunan Ordubadi tezliklə bolşevik təşkilatları ilə əlaqəyə girərək fəaliyyətini davam etdirib. 1918-ci ildə Kommunist Partiyası sıralarına daxil olan yazıçı Azərbaycan bolşeviklərinin dəvəti ilə Həştərxana gələrək orada "Hümmət" qəzeti ilə əməkdaşlıq edib. 1-3-cü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib, “Lenin” və "Şərəf nişanı" ordenləri ilə təltif olunub. Məmməd Səid Ordubadi 1 may 1950-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Oğuz