Qırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır.
Ednews xəbər verir ki, belə bir xəbərdarlıqla Türkiyənin tanınmış onkoloqu Nilüfər Avcı çıxış edib.
Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir. Nilüfər Avcı artıq çəki və qeyri-kafi fiziki fəaliyyətin döş, uşaqlıq yolu, qida borusu xərçəngi xəstəliyinə səbəb ola biləcəyini vurğulayıb.
O, qeyd edib ki, duzlu ət bağırsaq xərçəngi riskini artırır. Sağlam qidalanma və idman vərdişləri ölümcül xəstəliklərə qarşı ən güclü sipərdir. Onkoloq balıq əti istehlakının xərçəng xəstəliyi riskini azaltdığını vurğulayıb.
“Bir sıra qidalarda zəhərli komponentlər var. Həmin komponentlərin bəziləri bişirmə üsullarından asılı olaraq orqanizmə zərərli formada daxil olur. Bunlardan bəziləri kənd təsərrüfatında istifadə olunan pestisidlərin, kimyəvi maddələrin, kimyəvi gübrələrin və parazit pestisidlərin qalıqlarıdır. Bu kimyəvi maddələrin qidadakı qalıqları insan sağlamlığı üçün son dərəcə zərərlidir.
Pestisidlərin ilk qurbanları bu təhlükədən xəbərsiz fermerlər olur. Məhsul yığımının sonunda məhsulların saxlanması, mühafizəsi, emalı və təmizlənməsi texnikası son dərəcə vacibdir. Bu mərhələlərdə edilən səhvlər sağlamlığımız üçün lazım olan qidaları zərərli elementlərə çevirə bilər”, - onkoloq vurğulayıb.