“Təbii ki, İordaniya torpağının hər bir qarışı geri qaytarılmalıdır” - İordaniyanın Azərbaycandakı səfiri Nassar İbrahim Habaşneh - FOTOLAR | Eurasia Diary - ednews.net

19 Dekabr, Çərşənbə


“Təbii ki, İordaniya torpağının hər bir qarışı geri qaytarılmalıdır” - İordaniyanın Azərbaycandakı səfiri Nassar İbrahim Habaşneh - FOTOLAR

Müsahibə A- A A+

“Eurasia Diary” portalının əməkdaşı Həşım Məmmədov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Nassar İbrahim Habaşnehdən müsahibə götürüb.

Müsahibənin mətnini oxucalara təqdim edirik:

- Cənab Səfir, ilk olaraq Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı  arasında əlaqələrin tarixi və bu əlaqələrin indiki vəziyyəti barədə nə deyə bilərsiniz?

- Əslində  İordaniya-Azərbaycan münasibətləri qarşılıqlı əlaqələrə bir nümunə hesab edilir və həm də onlar Əlahəzrət Kral Abdullah ben əl-Hüseyn və Zati-aliləri Prezident İlham Əliyev arasında möhkəm dostluğa əsaslanır. İki ölkə arasında bu əlaqələr qədim tarixə malikdir və Sovet İttifaqının süqutu ilə Azərbaycan istiqlaliyyət qazanandan sonra yeni bir mərhələyə qədəm qoydu. Bu önəmli hadisədən dərhal sonra İordaniya Azərbaycanın müstəqilliyini rəsmən tanıdığını elan etdi, bunun ardınca da diplomatik əlaqələr quruldu, səfirlik açıldi. İndi biz bu əlaqələrin söykəndiyi möhkəm münasibətlərin səmərəsinin şahidiyik. Biz çoxsaylı birgə tədbirlər həyata keçirmişik, saziş və protokollar inzalamışıq. Bu vaxta kimi üç toplantısı keçirilmiş Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın fəaliyyəti bir çox sahələri əhatə edir. Sonuncu toplantı bu ilin əvvəllərində baş tutmuşdur. Bu toplantıda qarşılıqlı münaisibətlərin gücləndirilməsi və daha parlaq gələcəyə yönəldilməsilə bağlı bir çox önəmli məsələlərin müzakirəsi həyata keçirilmişdir. Biz əldə edilmiş uğurlara görə özümüzü xoşbəxt sayırıq. Lakin, biz bütün sahələrdə, xüsusilə iqtisadi əməkdaşlıq sahəsində, daha çox uğurlara nail olmaq əzmindəyik.

Rəsmi səviyyədə münasibətlərə gəlincə, deməliyik ki,  İordaniya və Azərbaycan rəhbərliyi arasında daimi sıx ünsiyyət vardır, keçən illər ərzində Əlahəzrət Kralla Zati-aliləri Prezident bir neçə dəfə görüşmüşlər. Lakin son dövrlərdə regionda baş verən hadisələr fonunda qarşılıqlı səfərlər bir qədər azalsa da, əlaqələr davam edir, xarici işlər nazirləri müntəzəm şəkildə görüşürlər, Azərbaycan və İordaniyanın məsul dövlət xadimləri də tez-tez görüşürlər. İordaniya həmişə böyük məmnunluqla Azərbaycanın həyata keçirdiyi bütün fəalıyyətlərdə iştirak edir və onları imkan dairəsində tamamilə dəstəkləyir.

- İordaniyanın tarixi çox qədimdir, orada çoxsaylı abidələr var, xüsusi ilə ölkədə dünyaca məşhur çoxlu turizm mərkəzləri vardır. Bildiyiniz kimi, Azərbaycanda da turizmin inkişafına böyük diqqət yetirilir. Bu sahədə əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Sizin dediyiniz və hamıya məlum olduğu kimi, İordaniya turizm ölkəsidir, malik olduğu çoxsaylı tarixi və dini abidələrilə dünyada ən önəmli turizm mərkəzlərindəndir. Biz bu abidələri İordaniya üçün xəzinə sayırıq. Xüsusilə deməliyik ki, bizdə “Çəhrayı Petra” şəhəri vardır. O dünyanın yeddi möcüzəsindən biri kimi də tanınır, dünyanın hər yerindən turistlər bura axışır. Roma mədəniyyətinə aid başqa qədim şəhərlər, İslam abidələri də vardır. Ən qədim dövrlərə aid mədəniyyət nümunələrinin tarixi altı min ildən də artıqdır.  İordaniya tarix və dinlər məskənidir. Üç monoteist dinin vətəni buradır. Bu yerlər ilk İslam fəthlərinin şahidi olmuşdur, burada çoxsaylı səhabələr dəfn olunmuşdur. Burada bir neçə sərdabə də vardır ki, onlardan ən məşhuru İmam Əli ibn Əbu Talibin qardaşı səhabə Cəfər ibn Əbu Talibə məxsusdur. Bu yerlər turizm baxımından da önəm daşıyır, onları həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar ziyarət edirlər. Fikrimcə, bura azərbaycanlıların ziyarəti üçün də din, turizm və istirahət baxımından çox böyük önəm kəsb edən bir məkandır. Həmçinin, İordaniya da Azərbaycanın turizm potensialına böyük maraq göstərir. Mən özüm şəxsən son zamanlar Azərbaycanın turizm sahəsində əldə etdiyi böyük tərəqqinin şahidiyəm.  Son üç il ərzində Azərbaycan dünya miqyasında, xüsusilə ərəb ölkələri üçün çox önəmli turizm mərkəzinə çevrilmişdir. Biz də öz növbəmizdə azərbaycanlıları İordaniyaya gəlib bu gözəl ölkə ilə tanış olmağa dəvət edirik. Son zamanlarda İordaniyaya səfər edən Azərbaycan turistlərinin sayında böyük artım müşahidə olunur, bura həm fərdi və həm də kollektiv şəklində turizm səfərləri daxildir. Bu gözəl və ümidverici bir əlamətdir. Biz daha çoxunu istəyirik, lakin bir az səbrli olmalıyıq və tədricən irəliləməliyik. 

- Cənab səfir, İordaniya bu regionda ABŞ və Qərb ölkələrinin etibarlı tərəfdaşı sayılır. İndiki vəziyyətdə, xüsusilə qonşu Suriyada son hadisələrin inkişafı, terroçu təşkilatlara ağır zərbələr və Rusiyanın nüfuzunun artması fonunda Qərblə münasibətlərin perspektivi barədə nə deyə bilərsiniz?

- Məlumdur ki, İordaniya tarixi yönümlüyü və ölkə rəhbərliyinin seçimi ilə Qərb ölkələri ilə spesifik  əlaqələrə malikdir. Bu müəyyən bir mərhələdə İordaniya üçün ən yaxşı seçim olmuşdur. Bizim  hər şeydən əvvəl, Britaniya  və  ABŞ-la sıx əlaqələrimiz vardır, həmçinin Avropa ölkələri və Avropa İttifaqı ilə də bizi bir çox ikitərəfli sazişlər bağlayır. Bizim  iqtisadi sahədə Birləşmiş Ştatlarla çox önəmli sazişlərimiz vardır. Bütün bunlar İordaniya hökümətinə  geniş əməkdaşlıq əlaqələri  qurmaq, xarici aləmlə qarşılıqlı anlaşma körpüləri atmaq imkanları yaradır. Lakin bu əlaqələr heç də başqa ölkələrlə münasibətlərin hesabına həyata keçirilmir. Biz vaxtilə,  ABŞ-la spesifik əlaqələrə  malik olmaqla Sovet İttifaqı ilə də çox yaxşı münasibətlər qurmuşduq. Bununla da beynəlxalq münasibətlərimizdə müəyyən bir balans  yaradılmışdı.  Mərhum Əlahəzrət Kral Hüseyn  belə bir önəmli bir balansı qoruyub saxlaya bilmişdir. Bunun sayəsədində də İordaniya bitərəf  dövlət satatusunu qorumuş və heç kəslə düşmən münasibətlərdə olmamışdır. 

İndi də Əlahəzrət Kral Abdullah eyni siyasət yeridir, bu siyasət Yaponiyadan tutmuş Çin və Rusiyaya qədər dünyanın bütün dövlətlərinin suverenliyinə, onların mövqeyinə qarşılıqlı  hörmət prinsipinə əsaslanır. İordaniya həmçinin öz diplomatik əlaqələrilə Afrika ölkələrini də əhatə etmək istəyir. Şübhəsiz ki, İordaniyanın Cənubi Qafqaz  ölkələri və xüsusilə Azərbaycanla əlaqələri, çox sıx və mətin  münasibətlərdir.

Rusiyanın Suriyadakı mövcudluğuna və ya nüfuzuna gəlincə, İordaniya onun bu roluna müsbət baxır, onun Suriyada əmin-amanlığın və sabitliyin bərpasına,  bölgənin əziyyət çəkdiyi terrorla mübarizəyə və onun məhvinə yönəlmiş səylərini alqışlayır.

Suriyada  Rus və ABŞ qüvvələri arasında müəyyən əraziləri, xüsusilə cənub bölgələri əhatə edən anlaşmalar da vardır.  Həmçinin ölkənin cənubunda sərhəd bölgələrində  qardaş Suriya xalqının  əmin- amanlığını və təhlükəsizliyini təmin etmək məqsədilə İordaniya, ABŞ və Rusiya arasında üçtərəfli saziş də imzalanmışdır. Bildiyiniz kimi, Suriyanın şimal bölgələrində də Türkiyə və ABŞ -ın rolu böyükdür.  Biz də öz növbəmizdə bu böyük dövlətlərlə əməkdaşlıq sayəsində öz stabilliyimizi qorumuş və bu da Suriyada vəziyyətin müəyyən dərəcədə stabilləşməsini təmin etmiş və bunun nəticəsində, yaxın keçmişlə müqayisədə daha yaxşı olan bir vəziyyətə çata bilmişik.

Əlahəzrət Kral II Abdullahın Rusiya Prezidenti Putinlə qurmağa müvəffəq olduğu sıx əlaqələr bütün bölgənin, Suriya xalqının mənafeyinə xidmət edir. Biz Rusiyanın bu siyasətdəki roluna hörmət edirik.  Burada  həmçinin  iranlı qardaşlarımızın da rolu vardır, biz onlardan tələb edirik ki, onlar da bu şəraitdə müsbət rol oynasınlar və əmin-amanlığın bərpasına yardım etsinlər. Biz  Suriya torpaqlarının başqa dövlətlərin öhdəsində olmasını, onun sərhədlərinin başqaları üçün açıq olmasını qəbul edə bilmərik. Suriya torpaqları suriyalılara məxsusdur. Buna şübhə yoxdur. Biz həmişə dostlarımızın bölgəmizdə sülh və əmin-amanlığın təmin olunmasında rol oynayacaqlarına ümid edirik.

- İordaniya da Azərbaycan kimi qaçqın problemi ilə üzləşmiş bir ölkədir. İordaniyada tarixən çoxsaylı Fələstin qaçqınları vardır. Son illərdə qonşu Suriyada və İraqda baş verən hadisələrdən sonra İordaniya da bu ölkələrdən gələn qaçqınları qəbul etdi. İordaniyada qaçqınların sayı nə qədərdir? Bu sahədə hökumət hansı tədbirlər görür?

- Bildiyiniz kimi, Yaxın Şərq bölgəsi uzun müddət ərzində müharibələrdən əziyyət çəkmişdir. Müharibələr həmişə baş verdiyi yerlərdə ağır nəticələrə səbəb olur. Bizdə deyirlər ki, qonşuda baş verən yanğın mütləq səni də yandıracaq, bu alov səndə olmasa da, sən də mütləq zərər görəcəksən. İordaniya da belə bir əziyyətə məruz qaldı. Bizim ölkəmiz stabildir, təhlükəsizdir, dövlət öz əmin-amanlığını, dinc şəraitini qoruya bilir. Bizim güclü ordumuz, güclü dövlət institutlarımız və müdrik rəhbərliyimiz vardır. Bu da bizə bütün qonşu dövlətlərə yardım əli uzatmaq imkanı verir. Fələstinlilər bizim qardaşlarımızdır, onlar İordaniyaya pənah gətirəndə yerli əhali evlərinin qapılarını onlara açdı, malik olduğu hər şeyi onlarla bölüşdü, onlardan bəziləri vətəndaşlıq aldı, başqaları isə hələ də qaçqın statusuna malik olsalar da bütün hüquqlara sahibdirlər. Onlar İordaniya tərəfinin təmin etdiyi imkanlar sayəsində tam hörmət və ehtiram içində yaşayırlar, dünyanın hər yerinə sərbəst şəkildə gedib-gəlmək imkanlarına malikdirlər. Eyni münasibət iraqlılara və suriyalılara da aiddir.  Bizdə Liviya və Sudandan, həmçinin Ərəb dünyasının bütün ölkələrindən də qaçqın qardaşlarımız vardır.  İordaniya  bu insanların hamısı üçün doğma vətəndir, xüsusilə ehtiyacı olanlara biz imkan daxilində hər vasitə ilə yardım edirik, evlərimizin qapıları həmişə onların üzünə açıqdır. Son dövrlərdə suriyalılarla hər şeyi bölüşmüşük, İordaniya keçən altı il ərzində bu insanlar üçün bir xilas qapısı və məskəni olmuş və onlar özlərini burada öz yurdlarında olduğu kimi hiss etmişlər. Mən belə düşünürəm ki, onlardan çoxu burada həmişəlik qalacaqlar. Suriya qaçqınlarının sayı 1 milyon 300 min nəfərdən çoxdur, burada həmçinin 500 mindən çox iraqlı qaçqın da vardır.  Fələstinlilər də çoxdur. Ölkədə qaçqınların sayı ümumilikdə yerli əhalinin 20%-ni təşkil edir. Bu çox böyük rəqəmdir, hətta ən nəhəng qərb ölkələri,  bu qədər sayda qaçqını qəbul edə və heç onun bir hissəsini belə qəbul edə bilməzdi. Biz isə öz növbəmizdə bu insanları qəbul edir,  onlara kömək əlini uzadır, qapılarımızı onların üzünə açır, onlara işlə təmin olunmalarında və hərəkətlərində sərbəst olmalarında heç bir məhdudiyyət qoymuruq. Lakin İordaniyanın bir çox sahələrdə imkanları məhduddur, bütün bunların hamısı iqtisadiyatımıza mənfi təsir etmişdir, lakin Allaha şükür, biz güclü dövlət orqanlarına və müdrik rəhbərliyə malikik.

- Ölkələrimizin rəhbərləri arasında çox sıx əlaqələr vardır. Bu sahədə hər hansı bir qarşılıqlı rəsmi səfərlər gözlənilirmi, ümumiyyətlə, ölkələrimiz arasında bağlanmış Sazişlər və onların icrası barədə nə deyə bilərsiniz?

- Azərbaycanla İordaniya arasında əlaqələr çox böyük önəm daşıyır. Kralın Azərbaycana səfər etməsinə ümid ediririk, xüsusilə qeyd edilməlidir ki, gələn il Azərbaycan bloklara qoşulmayan dövlətlərin Zirvə toplantısına ev sahibliyi edəcəkdir. Bu olduqca mühüm bir hadisədir, orada ən yüksək səviyyədə iştiraka ümid edirik. Mən əminəm ki, Əlahəzrət Kral Prezident İlham Əliyevin rəhbərliyi altında azərbaycanlı qardaşların əldə etdiyi  inkişafın və tərəqqinin şahidi olmaq üçün bu ölkəyə səfər etməkdən olduqca məmnun qalacaqdır.  Azərbaycan dünyanın hər yerində nümunə göstərilə biləcək bir ölkəyə çevrilmişdir. Kralın bu səfərinin yaxın vaxtlarda həyata keçməsinə ümid edir, eyni zamanda Zati-aliləri Prezident İlham Əliyevin ən yaxın vaxtda İordaniyaya səfər etməklə bizi şərəfləndirəcəyini gözləyirik.

- Cənab səfir, bildiyiniz kimi, Qarabağ bizim ağrılı yerimizdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə İordaniyanın mövqeyi necədir? Müsəlman ölkələrinin bu məsələdə Azərbaycana göstərdikləri dəstəyi necə qiymətləndirirsiniz?

- Təbii ki, bu üzücü və uzunmüddət davam edən bir münaqişədir.  Ona görə üzücüdür ki, möhtəşəm bir ölkə olan Azərbaycan belə bir münaqişənin mənfi təsirlərinə məruz qalmışdır. İordaniyanın mövqeyi münaqişənin ta əvvəlindən aydın və dəyişməzdir: Biz bu münaqişənin Azərbaycanın da arzu etdiyi kimi beynəlxalq qanunlar çərçivəsində sülh yolu ilə həllini dəstəkləyirik. Biz Zati-aliləri  Prezident İlham Əliyevin bu yolda göstərdiyi səyləri, həmçinin həll yolunu tapmağa və tərəflərin mövqeyini yaxınlaşdırmağa çalışan Minsk qrupunun fəaliyyətini dəstəkləyirik. Hərbi yolla və zor gücünə həll hamı üçün itkilərə səbəb olacaqdır. Ümid edir ki, bu məsələ  bölgədə yaşayan insanların məruz qaldıqları çətinliklər nəzərə alınmaqla rasional bir yolla öz həllini tapacaqdır. Zati-aliləri Prezident də belə bir siyasət yürüdür. Mən şəxsən onun bu münaqişənin həllində əsaslandığı  güclü və həm də inamlı üsluba öz heyranlığımı bildirirəm. Nə qədər ki, Zati-aliləri Prezident kimi bir dövlət xadimi var, Azərbaycan həmişə əmin-amanlıqda  olacaq, bütün insanların haqları sahiblərinə qayıdacaq. 

- Bu yaxinlarda Kral II Abdullah 1994-cü ildə imzalanan sülh muqaviləsinin bəzi maddələrindən imtina edəcəyini açıqlayıb. Bu açıqlama fonunda İsrail İordaniya munasibətlərinin gələcəyi barədə nə deyə bilərsiniz?

- Bidiyiniz kimi, bizimlə İsrail arasında sülh müqaviləsi imzalanmışdır. Tərəflərin hər biri onu dəstəkləyir. Bu müqavilə bölgədə əmin-amanlığın davamlığına kömək etdi. Bu sülh müqaviləsinin iki protokolu da vardır ki, onlar İsrailin investisiyalar yatırdığı bölgələrə aiddir. Bu torpaqlar əslində İordaniya torpaqlarıdır və İordaniya  həmin torpaqların heç bir investorun zərər çəkməməsi şərtilə 25 il müddətində istifadəsinə icazə vermişdi. Müqavilənin bəndlərinə əsasən, İordaniyanın bu vəziyyətə son qoymağa haqqı var. İordaniya müqaviləyə və öz qanuni hüquqlarına uyğun olaraq hərəkət edir. İsrail də bunu bilir və ortada heç bir ixtilaf yoxdur. İordaniya xalqı da vəziyyətin bu şəkildə davam etməsinə qarşıdır. İordaniya xalqı vaxtilə yaranmış vəziyyəti anlayışla qəbul etmiş və heç bir etiraz bildirməmişdi. İndi isə xalq İordaniya torpaqlarının geri qaytarılmasını tələb edir.

- Əl-Baqura və əl-Qemer məntəqələrinin İordaniya üçün əhəmiyyəti nədir?

 - Əhəmiyyəti ondan ibarətdir ki, onlar İordan torpaqlarıdır, ölkə torpaqlarının hər qarışı önəmlidir, bir hissə o birindən daha əhəmiyyətli deyildir. Hər iki ölkənin sərhədləri boyunca uzanan bu İordan torpaqları kənd təsərrüfatı üçün yararlı və məhsuldar torpaqlardır. Bu torpaqların böyük və ya kiçik olmasından asılı olmayaraq, İordaniya torpağının hər bir qarışı sahibinə qaytarılmalıdır .

- Səhf etmirəmsə 10 oktyabr tarixində İordaniyada nazirlər kabineti istefaya getdi, ölkədə bir müddət hökumət böhranı yaşandı, bu böhranın hansı səbəbləri var idi?

- Hökumət gəlir vergisi barədə qanun lahiyəsini təqdim etmək istəyirdi, amma bu qanun İordaniya xalqı tərəfindən etirazla qarşılandı, nümayişlər baş verdi. Biz fəxr edirik ki, İordaniya xalqı mədəni və yüksək şüurlu bir xalq olaraq öz iradəsini nümayiş etdirməyə qadir bir xalqdır. Eyni zamanda hökumət və Əlahəzrət Kral xalqın tələblərini dinləməyə həmişə hazırdırlar. Nümayişlər dinc xarakter daşıyırdı, bu da tələblərin təqdimində yüksək intellektual səviyyənin göstəricisidir. Əlahəzrət Kral insanların tələbini nəzərə alaraq hökuməti istefaya göndərdi və yüksək səviyyəli intellektə malik və xalq arasında çox populyar olan doktor Ömər Rəzzazı yeni Baş nazir təyin etdi. İndi hökumət öz vəzifəsini tam şəkildə icra edir. İordaniya hazırda Yaxın Şərq üçün bir nümunə olmağa səy göstərir. İndi işlək parlamenti və ölkənin inkişafı naminə çalışan bir hökuməti vardır. Baş verənlər əslində böhran deyil, müsbət xarakterli dəyişiliklər idi.

- 22 oktyabrda İordaniya və Misir arasında ortaq enerji layihələrinin həyata keçirilməsi barədə razılaşma baş tutub. Xüsusən də razılaşmada qaz ixracatı məsələsi ön planda idi. Bu fonda İordaniya və Misir arasında yeni enerji layihələrinin baş tutmasını gözləmək olarmı?

- Bildiyiniz kimi, Misir həmişə İordaniyanın əsas qaz təminatçısı olmuşdur. Bu “ərəb baharı” hadisələrinə qədər belə idi. Misirdə baş verən hadisələr zamanı İordaniya ilə Misir arasındakı qaz boruları hücuma məruz qaldılar və bu da İordaniyanın qazla tənminatında fasilələrin yaranmasına gətirib çıxartdı. Təbii ki, İordaniya alternativ mənbələr axtarmalı oldu. İsrail bizi qazla təmin edə bilən mənbələrdən biri idi. Hal-hazırda Misirdə işlər qaydasına düşür və bu ölkədən mövcud müqavilələrə əsasən İordaniyaya yenidən qaz idxalı üçün imkan yaranıbdır. Biz misirli qardşlarımızla əlaqə yaratdıq və ordan qazın yenidən idxalı barədə razılaşdıq.

- İordaniyanın yaxın gələcəkdə başqa hansı dövlətlərlə enerji sahəsində əməkdaşlıq etməsi mümkündür? Bu arada Azərbaycanla bu sahədə bir işbirliyi nə qədər realdır?

- Azərbaycanla bağlı bu məsələ burada hər iki ölkənin məsul şəxsləri arasındakı görüşlərin birində qoyuldu. Azərbaycan tərəfi həmişə olduğu kimi, yardım əlini uzatdı və bildirdi ki, onun qaz kəmərlərindən biri də İordaniyaya uzadıla bilər. Lakin bu məsələ Suriyada baş verən hadisələr nəticəsində baş tutmadı. Bu layihənin həyata keçirilməsi bölgədə sabitliyin bərqərar olması ilə birbaşa bağlıdır. Azərbaycan uzaq bir ölkə deyildir, siz bizə yaxınsınız. Sizin dünyanı neftlə təmin edən böyük layihələriniz vardır. Nə üçün də İordaniya bu dövlətlərdən biri olmasın, İordaniyanı qazla təmin etmək üçün Suriyadan keçməklə qaz kəməri niyə də çəkilməsin? Amma məsələnin həlli üçün müəyyən bir vaxt, bölgədə sabitliyin bərqərar edilməsi lazımdır, çoxsaylı müşavirə və müzakirələrə ehtiyac vardır. Bu baş tuta bilən bir işdir. Biz Azərbaycanlı qardaşlarımızın bu məsələdə mövqeyini təqdir edirik. Mən əminəm ki, İordaniyanın məruz qaldığı çətinliklər nəzərə alınacaq və bu da onun enerji sabitliyinin təmin edilməsi baxımından bir qardaş töhvəsi olacaqdır.

Müsahibəni hazırladılar: Zakir Qasımov və Həşım Məmmədov

Ərəb dilindən tərcümə edən: Zakir Qasımov

1

1

1

1

ednews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...