“Terrorçuların arasında müsəlmanların çox olması dünyada müsəlmanlara qarşı olan təzyiqlə əlaqəlidir. Ona görə də etiraz edənlərin və terrora əl atanların əksəriyyəti müsəlmanlardır. Sözsüz ki, bu terrorizmin doğruluğuna səbəbiyyət vermir”.
Bu sözləri politoloq Zərdüşt Əlizadə Ednews-a açıqlaması zamanı qeyd edib. O, bildirib ki, heç bir dövlət və heç kəs terror təhlükəsindən tam sığortalana bilməz:
“Terror hadisələri həmişə gözlənilməz anda baş verir. Necəki Moskvada genişmiqyaslı terror aktı oldu. Bildiyimiz kimi ABŞ bunu öncədən xəbər vermişdi. Lakin bu cür xəbərdarlılqar yüzlərlə olur. Yəni, hadisənin baş vermə ehtimalı 50/50-ə idi. Terror hadisənin baş verməsi üçün zəmin lazımdır. Məsələn, hər hansı bir hadisə hüquqi formada həll yolunu tapmadıqda terrora əl atılır. Azərbaycanda terror hadisənin qarşısının alınması üçün lazımi tədbirlər görülür. Bunun üçündə terror hadisələrinin baş verməsi minimuma enmişdir. Lakin terror hadisənin baş verməsi üçün zəmin var. Çünki Azərbaycan hazırda Ermənistan ilə münasibətləri tənzimlənmə dövründə olsa da sülh tam bərqərar olmayıb və bir çox problem hələ də qalır”.
Politoloq vurğulayır ki, münaqişənin davam etməsini istəyən daxili və xarici qüvvələr var:
“Onlar münaqişənin bitməsini istəmirlər, çünki problemdən faydalanırlar. Əgər onlar Azərbaycan hakimiyyətini məcbur edə bilmirlərsə bu siyasət yürüdülsün, o zaman qorxu və əks təsir yaratmaq üçün terror aktlarından istifadə edə bilərlər. Bundan əlavə xaricdən olan qüvvələr Azərbaycanın siyasət kursunu dəyişdirmək üçün terror əməliyyatı təşkil edə bilərlər”.
Xəyal Ramiz