Ermənsitan kütləvi informasiya vasitələrində Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barəsində məlumat verilir.
XİN-dən daxil olan açıqlamada bildirilir ki, danışıqlar prosesinin ruhuna, MDB-nin Düşənbə sammiti əsnasında aparılmış müzakirələrə zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin davam etdirilməsi münaqişənin həlli istiqamətində beynəlxalq səylərə xələl gətirir: "Bu kimi əməllər Ermənistanın sözü ilə əməlləri arasında ziddiyyətin olduğunu, bu ölkənin qeyri-konstruktivliyini və münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə nümayiş etdirir.
Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməlləri məsələsi davamlı surətdə qaldırılır".