Avropa İttifaqı (Aİ) Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri Ermənistana səfər edəcək. Bildirilib ki, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında təsəvvür əldə etməkdir. Səfərin sülh müqaviləsinə ciddi təsiri olacaq? Ümumiyyətlə, Aİ-nin Cənubi Qafqazda nə kimi missiyası ola bilər?
Səfərlə bağlı Ednews-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirdi ki, belə səfərlərin təşkili prinsipcə məqbuldur. Aİ-nin səfərinin arxasında hər hansı yaxşı bir niyyət varsa bir çox məsələlərə aydınlıq gətirər. Səfərin istiqamətinin Ermənistandan başlanmasına nəzər yetirəndə müəyyən suallar doğurur:
"Cənubi Qafqazda alovlanan etnik münaqişələr, konfiliktlər, insan deportasiyası, miqrasiyası ilə bağlı hadisələrin kökünə varanda gəlib çıxır Ermənistana, erməni separatçılarına, diasporasına. Son 30 ildə tökülən qanlara, dağıdılan yurdlara görə də erməni separatistləri cavabdehdir. Qarabağı qarış-qarış gəzdikcə Ermənistanın bəşəri cinayətlərini görməmək çox çətindir. 30 il işğal altında olan torpaqlarımızda səngərlər qazılmış, 900-dən artıq yaşayış məntəqəsi xarabazarlığa çevrilmiş, 150.000-dən çox ev yandırılmış, talan edilmiş, minlərlə binalar, tarixi abidələr, qəbiristanlıqlar dağıdılmışdır. Bütün bunlarla yanaşı meşələr, tarlalar, yaşıllıqlar qəsdən yandırılmış, torpaq qatı və ekosistem zərərli çöküntülərlə məhv edilmişdir. Çox təəssüf ki, indiyənə kimi müşahidə edilən məsələlər arasında Ermənistana gələn bu cür missiyaların, səfərlərin hamısında gəlib Ermənistanın başını sığallayıb, könlünü alıb, bir az da “qorxma, qorxma” deyib çıxıb gediblər”.
U.Mirzəyev sonda bunları qeyd etdi:
“İstərdim ki, bu səfər bir qədər fərqli olsun və Azərbaycanda erməni vandalizminin törətdiyi vəhşilikləri öz gözləri ilə görüb bir nəticə çıxartsınlar. Ancaq Avropa İttifaqının Qafqazı təsir dairəsinə salmaq niyyəti olduğunu da hesab edirəm”.
Oğuz