"Ümumiyyətlə, təhsil sistemində ən mühüm mərhələ məktəbəqədər və ibtidai təhsildir. Çünki şəxsiyyətin 50 faizi 7 yaşına kimi inkişaf edir, formalaşır".
Bu sözləri Ednews-a açıqlamasında təhsil eksperti İlham Əhmədov Azərbaycanda ibtidai təhsil sistemindən danışarkən deyib. Onun sözlərinə görə, şagirdlər yuxarıda dediyim əsaslarda ibtidai biliklər alır. Bu da onun təhslinin növbəti pilləsində, peşə seçməsində, gələcəkdə universitetdə qəbul olunmasında tale yolunu müəyyən edir:
"Yəni ibtidai təhsil çox vacibdir. Həqiqətəndə hazırkı ibtidai materiallar çox çətindir, qəlizdir. Dərsliklər ağırdı, uşaqların fiziki olaraq çantalarını aparmağı da qeyri-mümkündür. Valideynin köməyi ilə o çantalar aparılıb gətirilir. Vaxtı ilə söhbət dolaşdı ki, məktəblərin hamısına planşet veriləcək, onlarda dərsliklər olacaq. Qonşu ölkələr Gürcüstan, Türkiyə, qismən Ermənistanda da məktəblərdə planşet istifadə edilir. Ancaq ölkəmizdə bu məsələ alınmadı. Təəssüf ki, kurikulum islahatı tələsik, sistemsiz, hazırlıqsız aparıldı. Prosesin monitorinqi mütamadi olaraq olmadı. Nəticənin də necə olduğunu yaxşı bilirik.
Hesab edirəm ki, ibtidai təhsil proqramını yenidən nəzərdən keçirməliyik. Əvvəlki proqramı təhlil etməliyik ki, nəyi pis idi? Biz öz proqramlarımızı qonşu ölkələrdə tətbiq olunan təhsil proqramları ilə müqayisə aparmalı və yenidən ibtidai təhsil proqramını formalaşdırmalıyıq".
Oğuz