Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin ikinci günü də uğurla başa çatıb.
Təhsil Nazirliyindən bildiriblər ki, ibtidai sinif müəllimliyi üzrə keçirilmiş imtahanlarda 3197 nəfər iştirak edib, namizədlər arasında ən yüksək nəticə olaraq 58 bal qeydə alınıb.
İyulun 18-də ibtidai sinif müəllimliyi üzrə (Azərbaycan bölməsi) keçirilən imtahanlarda 3590 namizədin iştirakı gözlənilir. İbtidai sinif müəllimliyi üzrə imtahanlar iyulun 19-dək davam edəcək.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində aparılır. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir.