Bu gün Bakıda “Fransada insan hüquqlarına dair ictimai dinləmələr” mövzusunda konfrans keçirilib.
Beynəlxalq İnsan Haqlarının Müdafiəsi Komitəsinin Azərbaycan nümayəndəliyi, Beynəlxalq Dialoq və İnkişaf Alyansı və İctimai-siyasi Proseslər və Beynəlxalq Əlaqələr Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycana qarşı aparılan çirkin kompaniyalar müzakirə edilib və qınanılıb.
Beynəlxalq İnsan Haqlarının Müdafiəsi Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayev təşkilatın beynəlxalq qurumlarda Azərbaycanın haqq səsinin çatdırılması üçün gördüyü tədbirlərdən danışıb. O, xarici mediada erməni diasporunun təsirindən və bu səbəbdən Azərbaycanın imicinin zərbə altına salınması cəhdlərindən söz açıb, bu müylləri hiddətlə qınayıb.
İ.Ağayev Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın Rusiya vətəndaşı olan ermənilərin Azərbaycana gəlməsinin məhdudlaşdırılması ilə bağlı fikrinə toxunaraq, Rusiya vətəndaşı olan azərbaycanlıların Dağlıq Qarabağda əsir düşməsinə Rusiyanın biganə qalmasını vurğulayıb.
Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova insan hüquqlarının pozulmasına əsasən siyasi münaqişələrin və toqquşmaların səbəb olduğunu qeyd etdi. O, ölkəmizin də bu problemdən əziyyət çəkdiyini bəyan edərək, Qarabağ müharibəsində vətəndaşlarımızın üzləşdiyi hüquq pozuntularına toxunub. Bildirib ki, BMT və ATƏT kimi beynəlxalq qurumların qərarlarına məhəl qoymayan Ermənistana beynəlxalq istimaiyyətin laqeyd münasibəti, hətta bəzi hallarda himayədarlıq etməsi qəbuledilməzdir.
Tədbir zamanı blogger Mehman Hüseynov həbsi ilə bağlı etiraz kampaniyasının ifrat şəkildə aparılması və Azərbaycana əks yazıların Fransa mətbuatında geniş yer almasından da danışılıb. Əməkdar jurnalist, İTV Yayım Şurasının üzvü Azər Həsrət Fransanın Azərbaycan və Türkiyəyə qarşı siyasətdə yol verdiyi ikili standartlar barədə çıxış edib. O, bundan əlavə, dünyada özünü demokratiya müdafiəçisi kimi göstərən ABŞ-ın özündə insan hüquqlarının pozulduğunu bildirib.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni Fransada baş verən iğtişaşlar zamanı insan hüquqlarının pozulması faktlarına toxunub. Rauf Zeyni Azərbaycanda siyasi sabitliyin pozulmasına cəhd göstərilməsinə hesablanan kompaniyalardan söz açıb və belə meylləri qınadığını bildirib.
Tədbir iştirakçıları Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun sarsıdılmasına yönəlmiş qərəzli kampaniyaları pisləyiblər və bu cür kampaniyaları təşkil edən qüvvələrin əməllərinə etirazlarını ifadə ediblər.