Bakı Nəqliyyat Agentliyi (BNA) dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, yanvarın 21-i səhər saatlarından Bakıda və Abşeron yarımadasında müşahidə edilən dumanlı hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 22-si səhər saatlarınadək davam edəcək. Bunu nəzərə alaraq, sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almaları, ara məsafəsini normadan artıq saxlamaları və yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur.
Eyni zamanda, piyadalardan Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamaları, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmələri, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri xahiş edilir.