Nərimanov rayonunda 20 Yanvar faciəsinin iyirmi doqquzuncu il dönümü ilə əlaqədar tədbir keçirilib.
Eurasia Diary xəbər verir ki, 45 saylı orta məktəbdə keçirilən tədbiri məktəbin direktoru Nəcibə Axundova açıb. N.Axundova faciənin 29-cu ildönümü ilə bağlı tədbirdə iştirak edənləri salamlayıb və xalqımızın azadlıq tarixində mühüm yeri olan bu günün əhəmiyyətindən danışıb.
Rayon ictimaiyyəti nümayəndələrinin, 20 Yanvar şəhid ailələrinin və 20 Yanvar əlillərinin iştirakı ilə keçirilən tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu çıxış edib. O, 20 yanvar tarixinin faciə günü olması ilə yanaşı, həm də millətimizin azadlıq uğrunda qəhrəmanlıq göstərdiyi, qürur mənbəyi olan bir tarix olduğunu deyib.
U.Rəhimoğlu anım tədbirinin yüksək səviyyədə təşkil edildiyini bildirib və təşkilatçılara təşəkkür edib. O, xüsusilə şagirdlərin hazırladığı kompozisiyanı yüksək qiymətləndirib.
Daha sonra “20 Yanvar” Cəmiyyətinin sədr müavini Mustafa Əliyev, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova çıxış ediblər.
İradə Mahmudova bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilib, dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb, itkin düşüb.
Tədbir zamanı məktəblilərin hazırladığı kompozisiya nümayiş etdirilib. İştirakçılar 20 yanvar gecəsinin, günahsız insanların qətlinin və Şəhidlər Xiyabanının mənzərəsini əks etdirən kompozisiyanı yüksək qiymətləndiriblər. Şagirdlərin ifasında “Azərbaycan əsgəri”, “Vətən sənin şəhidlərin” mahnıları, qəhrəmanlıq haqqında şeirlər səslənib.
Sonda 20 Yanvar şəhid ailələrinə və əlillərinə yardım göstərilib.