Son günlər maqnit qasırğasının olacağı ilə bağlı xəbərlər geniş yayılıb. Hətta bununla əlaqədar əhaliyə xəbərdarlıqlar da edilir. Bəs maqnit qasırğası nədir, ondan necə qorunmaq olar?
Bu haqqda Ednews-a danışan həkim Rasif Bağırovun sözlərinə görə, maqnit qasırğalarının yaranması çox mürəkkəb bir mexanizmdir:
"Günəşdə epizodik olaraq özünəməxsus partlayışlar olur və bunun nəticəsində planetlərarası məkana enerji yüklənmiş xırda hissəciklərin (günəş plazması adlanır) nəhəng axını atılır. Onlar Yer kürəsinin maqnit qatına çatdıqda onunla qarşılıqlı əlaqəyə girib bu qatı bir növ “qəzəbləndirir”, fırtına qoparır. Bunların gərək gücü o qədər çox olmalıdır ki, yer kürəsində yaşayan insanlara təsir göstərsin. Bəzən müəyyən qədər təsirləri olur, amma öldürücü təsiri heç vaxt olmur. Ümumiyyətlə, öldürücü təsiri olması üçün yerin cazibə qüvvəsi deyilən anlayışdan daha güclü bir qüvvəsi olmalıdır ki, yer üzərində olan insanlara təsir etsin”.
Həkimin sözlərinə görə televiziya və KİV-lər vaxtından əvvəl bu barədə informasiyalar verir:
"Əsəb sistemi normal olmayan insanlar buna daha çox əhəmiyyət verir. Həmin günü o qədər stress keçirirlər ki, onların bədənlərində də hər hansı bir ciddi xəstəlik varsa o xəstəlik ağırlaşır. Maqnit dalğalarının insan orqanizminə güclü təsiri yoxdur. Belə günlərdə müəyyən xroniki xəstəliklər keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir. Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir”.
Aynurə İsmayıl