Türkiyənin "Darıca Gənclərbirliyi” futbol klubunun bu gündən etibarən prezidenti olan azərbaycanlı iş adamı Rauf İsmayılov həm də bir neçə ay əvvəl yaranmış "Xan Lənkəran" futbol klubunun Rusiya Federasiyası Koordinasiya Mərkəzinin rəhbəridir.
Eurasia Diary xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı kimi məşhur olan R.İsmayılov "Simurq Turizm" şirkətinin prezidentidir.
R.İsmayılovun şirkəti "Simurq Turizm" LTD Rusiya ərazisində “Xan Lənkəran” klubunun səhmlərinin dövriyyəsinin icrasından tutmuş birgə kommersiya layihələrinin həyata keçirilməsinə qədər, bir sıra fərqli istiqamətlərdə rəsmi tərəfdaşdı.
Uzun illərdir Rusiyada yaşayan və biznesini orada quran iş adamı R.İsmayılovun Türkiyədə klub prezidenti olması onun biznesini Rusiyadan çıxarması fikirlərini ortaya atıb. Ehtimal edilir ki, iş adamı biznesini birdəfəlik olaraq Türkiyəyə köçürmək fikrindədir.
Xatırladaq ki, iş adamı Rauf İsmayılov Türkiyədə futbol klubu alıb. Həmyerlimiz ikinci liqa təmsilçisi "Darıca Gənclərbirliyi”nin sahibi olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qaynarinfo.az "Darıca Gənclərbirliyi”nin bütün səhmləri Rauf İsmayılova satıldığı məlumatını yayıb. Bununla bağlı imzalanma mərasimində azərbaycanlı iş adamı və Qocaeli təmsilçisinin prezidenti Mücahid Vural iştirak edib.
Qeyd edək ki, "Darıca Gənclərbirliyi" ikinci liqada 13 xalla 11-ci pillədə qərarlaşıb.