Brüsseldə səfərdə olan Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Hanla görüşüb.
“News.am” xəbər verir ki, görüşdə “Şərq Tərəfdaşlığı” çərçivəsində qurumla Ermənistan arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda proqrama üzv olan ölkələrin xarici işlər nazirlərinin iyunun 22-də Minskdə keçiriləcək toplantısı müzakirə olunub.
Tərəflər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də müzakirə ediblər. Qeyd olunub ki, münaqişənin həllinə dair aparılan danışıqlar prosesinin irəliləməsi üçün əlverişli şəraitin yaradılması vacibdir.
Erməni nazir Avropa İttifaqına ATƏT-in Minsk Qrupunun səylərinə kömək etdiyi üçün minnətdarlığını bildirib.