Ermənistan Müdafiə Nazirliyinin cənubundakı Mehri şəhərində yerləşən hərbi hissədə əsgərlər qiyam təşkil ediblər.
Eurasia Diary xəbər verir ki, bu barədə “Epress.am” saytı məlumat yayıb. Qiyama səbəb əsgərlərin bir zabitin davranış qaydasından narazı qalması olub.
Nəticədə bir neçə əsgər əvvəlcə hərbi hissəni tərk etsə də, sonradan geri qayıdıb. İnsidentin qarşısının alınmasından sonra 20 hərbçi cəzalandırılaraq əvvəlcə Qapandakı hərbi polisə təhvil verilib, oradan isə Dağlıq Qarabağa xidmət üçün göndərilib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan məsələ ilə bağlı öz Feysbuk səhifəsində açıqlama yayıb. Açıqlamada Ovanisyan zabitlərin heç bir günahının olmadığını, guya bir neçə nizamsız əsgərin xüsusi şəraitdə xidmət edib, xüsusi geyim geyinmək istədiyini, digərlərindən kənarda qidalanmaq istədiyini bildirib. O bu əsgərlərin digər hərbçiləri də öz yanlarına çəkərək, onları qiyama qaldırmaq istədiklərini söyləyib. Ovanisyan qiyam qaldıran əsgərlərin sayının 600 nəfər olmasıyla bağlı yayılan məlumatları da təsdiqləməyib. Mətbuat katibi insidentlə bağlı bir neçə hərbçi və zabitin cəzalandırılacağını, eləcə də bəzi zabitlərin öz vəzifələrindən çıxarılacağını bildirib.