Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündə təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa dair razılıq əldə olunsa da, düşmən tərəfi vədinə əməl etmir. Ötən gün Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.
Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, cəbhə xəttində baş vermiş düşmən təxribatına görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, deputat Elman Məmmədov AzVision.az-a bildirib ki, namərdlik, xəyanət ermənilərə məxsus cəhətlərdir.
“Cenevrə görüşündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatında qeyd olunmuşdu ki, görüş konstruktiv keçib. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görmək və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmaq barədə razılaşıblar. Cenevrə danışıqlarından dərhal sonra işğalçı dövlətin prezidenti bildirdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tabeliyində olmayacaq. Bu, onu göstərir ki, ermənilərlə danışıq, razılaşma mümkün deyil. Ermənilərə mütəmadi olaraq güc tətbiq edilsə, onlar məcbur qalıb, razılığa gələcəklər. Düşməni yerinə oturtmağın vaxtı çatıb”.
E.Məmmədov bildirib ki, təxribatlara bir dəfəlik son vermək üçün düşmən Azərbaycan torpaqlarından çıxarılmalıdır: “Bundan sonra gərginliyin azaldılmasına və qarşılıqlı əməkdaşlığa dair danışıqlar aparmaq olar. Bu, baş verməyincə Ermənistan tərəfi cəbhədə gərginliyin azaldılmasına dair razılaşmaya getməyəcək”.