Paşinyan özünü "dəliliyə" vurub? Elçin Alıoğlu yazır...

Yazarlar 12:07 28.01.2025

Ermənistanın baş naziri Nikol Paşinyanın İsveçrənin Sürix şəhərində erməni diasporasının nümayəndələri qarşısında çıxışı Ermənistanın milli kimliyinə ciddi çağırış və İrəvanda geniş rezonans doğuran kəskin tənqidlərə səbəb oldu. Paşinyan öz çıxışında erməni xalqı üçün ən ağrılı mövzulardan biri olan - Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı qondarma "soyqırım" məsələsinə toxundu.

Paşinyan iddia etdi ki, artıq bir əsrdən çoxdur səsləndirilən qondarma "soyqırım" ittihamları soyuq müharibə şəraitində Moskvanın təşəbbüsü ilə ortaya atılmış siyasi konstruksiya ola bilər. Ermənilərin şikəst "milli yaddaş"ının və saxtakar "kimliyin" fundamental aspektlərinə toxunan bu cür bəyanat mövcud narrativə meydan oxumaq kimi səsləndi.

"1939-cu ildə "erməni soyqırımı" gündəmi niyə yox idi? 1950-ci ildə bu gündəm niyə ortaya çıxdı? Niyə belə oldu? Biz bunu başa düşməliyik, yoxsa yox? Biz bu mövzularla bağlı mövqe tutmalıyıq, yoxsa yox? Biz öz kimliyimizi idarə edirik, yoxsa yox? Bunlar haqqında danışmaq lazım olan suallardır. Bunlar bizim problemləri həll etmək üçün anlamalı olduğumuz fundamental suallardır. Biz tariximizi başa düşməliyik, kimliyimizi anlamalıyıq", - deyə Paşinyan bildirib.

N.Paşinyanın Sürixdə erməni diasporası qarşısında çıxışı sadəcə növbəti siyasi bəyanat deyildi. Onun açıqlaması Ermənistanın milli kimliyinin təməl prinsiplərinə çağırış, 1915-ci il hadisələri ilə bağlı uzun illər formalaşmış tarixi narrativlərə zərbə idi. Paşinyanın "soyqırım" konsepsiyasının Moskvanın geosiyasi aləti ola biləcəyi barədə dedikləri təsadüfi bəyanatdırmı? Əsla - ermənilərin son 111 ildə vurnuxduqları mifoloji tələdən çıxmaq cəhdi idi.

Əsrlər boyu "qurban" narrativi ilə bəslənən ermənilər bu gün müqəddəs hesab edilən mövzunu açıq şəkildə sorğulayan bir baş nazir ilə qarşı-qarşıyadır. Onun bu cür çağırışı təkcə keçmişin tənqidi deyil, milli siyasətin mərkəzində qurulmuş bir mifin məhv edilməsi kimi hesab edirlər.

Paşinyanın dediyinə görə, soyqırım diskursu II Dünya müharibəsindən sonra Moskvanın təşəbbüsü ilə yaranıb. Bununla da o, erməni faciəsini onun müstəqil mənasından məhrum edərək soyuq müharibənin alətinə çevrilmiş bir hadisə kimi təqdim edir. Bundan əlavə, o, çar Rusiyasının saxta vədlərlə erməniləri taleyin ümidinə buraxıb, onları öz siyasi oyunlarının qurbanına çevirdiyini iddia edir.

Fəqət erməniləri ən çox qəzəbləndirən bunlar deyildi. Onun 1915-ci il hadisələri ilə bağlı müasir Türkiyənin məsuliyyət daşımadığı barədə dedikləri, bu faciəni erməni kimliyinin mərkəzi hesab edənlər üçün açıq-aşkar bir zərbə oldu. Ankarayla münasibətləri normallaşdırmağa çalışan Paşinyanın belə bəyanatları, təslimiyyət aktı kimi qəbul edilir.

Çünki Ermənistanda ilk dəfədir ki, lider bu qədər cəsarətlə onilliklər boyu erməni siyasi gündəmini müəyyənləşdirən "müqəddəs" miflərə meydan oxudu. Onun qondarma "erməni soyqırımı" konsepsiyasının Moskvanın geosiyasi oyunlarının bir hissəsi olduğunu deməsi, təkcə erməni cəmiyyətini silkələdi, həm də Ermənistanın keçmiş mifologiyaya əsaslanan mövcud strategiyasını şübhə altına aldı.

Həmişə populist ritorikası ilə tanınan Paşinyan bu dəfə öz tənqidçilərinin belə gözlədiyindən daha irəli getdi. Öz bəyanatlarında o, 1915-ci il faciəsini yenidən şərh edərək, onu böyük güclərin, o cümlədən çar Rusiyasının manipulyasiyalarının nəticəsi kimi təqdim etdi. Bundan əlavə, o, Türkiyəyə qarşı uzun illər davam edən ərazi iddialarını, xüsusən Ağrı dağına yönəlmiş iddiaları Ermənistanın modernləşməsi və hərbi müdafiə gücünün möhkəmlənməsi qarşısında əsas maneə kimi göstərdi.

Paşinyan bəhs etdiyimiz məqamlarla kifayətlənməyib. Paşinyan müasir Türkiyəyə qarşı iddiaların köhnəldiyini qeyd edərək, keçmiş faciələrin Ankara ilə münasibətlərin normallaşdırılmasına mane olmamalı olduğunu bildirdi. Ermənistanın iqtisadi təcridi getdikcə daha çox hiss olunduğu bir şəraitdə bu addım praqmatik görünə bilər. Lakin erməni diasporası və cəmiyyətin əksər hissəsi üçün bu bəyanatlar açıq bir xəyanət kimi səsləndi.

Bir çox erməni üçün Ağrı dağı sadəcə coğrafi obyekt deyil. Bu, onilliklər boyu ərazi iddialarının əsası kimi istifadə olunan saxta, şikəst "milli kimlik simvolu"dur. Nikol Paşinyan ilk dəfə olaraq bu simvolun "müqəddəs" mənasını şübhə altına aldı və bəyan etdi ki, bu cür ritorik narrativlər Ermənistanın müasir dövlət quruculuğuna mane olur.

Paşinyan burada yeni yanaşma nümayiş etdirərək açıq şəkildə bildirir ki, tarixi mifologiya Ermənistana faydadan çox ziyan vurur. Onun "keçmişdən əl çəkmək" çağırışı ölkədəki dərinləşən böhrandan diqqəti yayındırmaq və diskursu gələcəyin perspektivlərinə yönəltmək cəhdidir. Lakin kimliyini "böyük itkilər" mifləri üzərində qurmuş bir cəmiyyətdə bu strategiya nə dərəcədə həyata keçirilə bilər?

Paşinyanın daha çox sarsıdıcı bəyanatı isə ermənilərin uydurma "soyqırımı" mövzusunun 1950-ci illərdə Moskva tərəfindən Türkiyəyə təzyiq göstərmək üçün beynəlxalq gündəmə daxil edildiyi barədə oldu. Bu bəyanat Ermənistanın onilliklər boyu dünya ictimaiyyətində möhkəmləndirməyə çalışdığı diplomatik səylərə böyük bir zərbə oldu.

Paşinyanın sözləri Ermənistanın xarici siyasətinin əsasını təşkil edən tarixi faciə diskursunu faktiki olaraq sarsıdır. Daha da irəli gedərək, o, Türkiyə ilə danışıqlar çərçivəsində İrəvanın ermənilər üçün ən ağrılı mövzuları belə siyasi kompromis naminə müzakirə etməyə hazır olduğunu açıq şəkildə ifadə edir.

Di gəl, məzkur praqmatizm ölkə daxilində ciddi narazılıq doğurur. Müxalifət Paşinyanı milli maraqları satmaqda ittiham edir. Diaspora onu ermənilərin tarixi kimliyini əlindən almaq cəhdində günahlandırır. Radikal millətçilər isə onun istefasını tələb edərək bu addımları "qurbanların xatirəsinə hörmətsizlik" kimi qiymətləndirirlər.

Bu daxili sarsıntıların fonunda Türkiyə və Azərbaycan strateji susqunluqlarını qoruyurlar. Ankara Paşinyanın kompromislərə hazır olduğunu görərək onunla dialoqu davam etdirməkdə maraqlıdır. Lakin Türkiyənin əsas şərti Ermənistan və Azərbaycanın sülh müqaviləsi imzalamasıdır.

Azərbaycan isə İrəvana təzyiqi artıraraq revanşist ambisiyalardan tamamilə imtina etməsini tələb edir. Paşinyanın siyasəti kompromisə hazırlığı nümayiş etdirir, lakin o, daxili müqavimətlə necə mübarizə aparacaq? Axı, ölkə daxilindəki radikallar onun Qarabağ məsələsindən əl çəkməsinə və ya Türkiyənin mövcud sərhədlərini tanımasına asanlıqla imkan verməyəcəklər.

Paşinyanın Sürixdəki çıxışı onun ümumi ritorikasının yalnız bir hissəsidir. Son günlərdə onun bəyanatları təkcə narazılıq deyil, həm də ciddi narahatlıq doğurur. Ermənistan İctimai Televiziyasının efirində Azərbaycanın guya "separatçı məhbuslara psixotrop dərmanlarla təzyiq göstərdiyi" iddiası absurddur və məğlubiyyətin qarşısında bəhanə kimi görünür.

Bu hücumların səbəbi nədir? Cavab sadədir: Paşinyan ifşalardan qorxur. O, Azərbaycanda keçiriləcək məhkəmə proseslərinin erməni silahlı qüvvələrinin cinayətlərini - şəhərlərin atəşə tutulmasından kütləvi qətllərə qədər - üzə çıxara biləcəyini bilir. Bu faktlar İrəvanın beynəlxalq dəstəyinin son qalıqlarını da məhv edə bilər. Nəticədə Paşinyan özünü çıxılmaz vəziyyətdə hiss edərək ittihamlarla çıxış edir, bu isə gücdən daha çox zəifliyi nümayiş etdirir.

Paşinyanın çıxışlarında başqa bir mövzu isə "real Ermənistan" konsepsiyasıdır. O, keçmişin romantikləşdirilməsi üzərində qurulmuş "mifik Ermənistan"la əlaqəni kəsməyə çalışır. Lakin bu cəhdlər bıçaq tiyəsi üzərində balanslaşdırmaq kimidir. O, praqmatik bir dövlət qurmaq istəyir, lakin dərk edir ki, ermənilər üçün miflər onların sahib olduğu yeganə dəyərdir.

Paşinyan Ermənistanın real dövlətçiliyini möhkəmləndirməyə fokuslanmalı olduğunu dedikdə, dolayısı ilə etiraf edir ki, müasir Ermənistan xarici qüvvələrin məhsuludur. Tarixi azərbaycanlı torpaqlarının ötürülməsi, SSRİ-nin dəstəyi - bütün bunlar müasir Ermənistanın təməli olub. Amma bunu açıq şəkildə etiraf etmək, son illüziyaları məhv etmədən necə mümkün ola bilər?

Paşinyanın çıxışları təkcə onun şəxsiyyətindəki böhran deyil, eyni zamanda Ermənistanın özünün böhranıdır.

Ermənistan seçim qarşısındadır: ya miflərlə yaşamağa davam edəcək, ya da nəhayət reallıqla üz-üzə gələcək və gerçəklərlə barışacaq. Fəqət erməni cəmiyyəti buna hazırdırmı?

Daha önəmli olan isə odur ki, siyasi qazanc naminə ölkənin onilliklər boyu dayandığı irqçilik, şofinizm, nasizm sütunlarını dağıtmağa Paşinyan hazırdır?

Paşinyan dəyişikliklərin zəruriliyini qismən də olsa, anlayır. İqtisadi blokada, ərazi problemləri və ənənəvi müttəfiqlərlə münasibətlərin pisləşməsi arasında sıxışdırılmış Ermənistan üçün qonşularla münasibətlərin normallaşdırılması və modernləşməyə yönəlmiş kurs təkcə seçim deyil, həm də yaşamaq üçün yeganə şansdır. Ölkədaxili dəstəkdən məhrum olan bu yanaşma barıt çəlləyində kibritlə oynamağa bənzəyir.

Dəqiq plan olmadan, Konstitusiyanı dəyişmədən, ərazi iddialarından birdəfəlik əl çəkmədən və "qurban" ritorikasından imtina etmədən Paşinyanın bütün səyləri boş demoqogiya kimi qalacaq. Əgər o, mifləri dağıtmağa davam edib əvəzində dəqiq və anlaşılan gələcək strategiyasını təklif etməzsə, islahatçı olmaq əvəzinə Qərbin qarşısında "islahatçı" kimi görünməyə çalışan siyasi kloun kimi yadda qalacaq.

Ermənistan uçurumun kənarındadır. Ermənilər ya uçurumun dibinə vasil olmamaq üçün geri addım atılmalı və reallıqlar qəbul olunmalı, ya da keçmişin girovluğunda qalaraq daha da dərin təcridə məhkum olmalı və uçuruma yuvarlanmalıdır. Tarix dəyişiklikdən qorxanları bağışlamır, lakin dəyişiklikləri həyata keçirərkən nəticələri nəzərə almadan hər şeyi dağıdanlara qarşı daha da amansız olur.

Paşinyan böhranı fürsətə çevirməyi bacaran lider olacaq, yoxsa siyasi volüntarist və buffonada istəkli birisi kimi qalacaq?

Buna yalnız zaman cavab verəcək. Amma bu gün risklər heç vaxt olmadığı qədər böyükdür və səhv qərarın dəyəri Ermənistan üçün fəlakətli ola bilər.

İllah da ki, şovinist ruhlu bəyanatlar və "Bakıdakı psixotrop təsir"lə bağlı marazmlar davam edərsə...

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend.az

Elçin.jpg

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
09:08 22.06.2025
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
08:06 22.06.2025
Nyu-Yorkda yaxta çay limanına çırpılıb
03:04 22.06.2025
"ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
03:01 22.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirib
02:56 22.06.2025
“Yeni zərbələr planlaşdırılmayıb”
02:04 22.06.2025
Yaponiya sahilində güclü zəlzələ olub
00:59 22.06.2025
ABŞ Quamda B-2 strateji bombardmançılarını yerləşdirir
20:13 21.06.2025
Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
"Azərbaycan Suriyaya humanitar yardımı davam etdirəcək"
10:15 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
Hamısı