21-ci əsrdə güc sadəcə silahla deyil, sistemlə ölçülür. Kim güc tətbiq edir, kim qayda qoyur, kim beynəlxalq hüququ formalaşdırır – bu suallar artıq fərdi dövlətlərin yox, qlobal güc arxitekturasının legitimlik sütunlarını müəyyənləşdirir. İran və İsrail arasında yenidən alovlanan gərginlik, xüsusilə də İsrailin İran ərazisinə yönəltdiyi son hücumlar, bu sistemin hansı istiqamətə çevrildiyini açıq şəkildə nümayiş etdirir. Bu münaqişənin ən strateji nəticəsi isə təkcə hərbi deyil – ABŞ-ın qlobal liderlik iddiasının hansı geosiyasi koordinatlara sıxışdırıldığıdır.
Hadisələrin geodiplomatik xəritəsində bircə kontur aydın görünür: ABŞ, İsrailin hərbi eskalasiyasını açıq və birmənalı şəkildə dəstəkləyən yeganə dövlətdir. Və bu dəstək yalnız siyasi yox, həm də struktur səviyyədə – silah tədarükü, kəşfiyyat paylaşımı və diplomatik platformalarda təmin olunur. Lakin bu dəstək həm də ABŞ-ı getdikcə artan dərəcədə selektiv legitimlik problemi ilə qarşı-qarşıya qoyur. Çünki qlobal sistemin digər oyunçuları – Avropa İttifaqı, Çin, Rusiya və BMT institusiyaları – bu addımı ya susqunluqla, ya da ehtiyatla qarşılayır, bəzən isə birbaşa qınayır.
Bu, Amerika üçün təkcə etik yox, həm də geostrateji riskdir. Çünki Vaşinqton bir tərəfi dəstəklədikcə, özünün “vasitəçi güc” statusunu itirir və bu, onu həm regional böhranların idarə olunmasında, həm də gələcək nizam quruculuğunda periferiyaya sıxışdırır. Strateji müttəfiqlər belə – xüsusilə Yaxın Şərqdəki əsas ərəb oyunçuları – bu gedişi dəstəkləməkdən çəkinir. Səudiyyə Ərəbistanı və BƏƏ kimi tərəfdaşlar üçün bu artıq ABŞ-ın zəifliyi yox, birbaşa risk mənbəyinə çevrilməsi deməkdir.
Bununla yanaşı, Çin və Rusiya kimi özünü sistemə alternativ təqdim edən güclər ABŞ-ın yaratdığı bu “boşluqdan” diplomatik imkan pəncərəsi kimi istifadə edirlər. Onlar özlərini “sabitləşdirici güc” kimi təqdim edir, Vaşinqtonun isə hərbi dəstək üzərində qurduğu normativ arqumentlər isə iflasa uğrayır. Bu, çoxqütblü dünyaya doğru keçidin yalnız nəzəri yox, həm də praktiki mərhələyə çatdığını göstərir.
Nəticə etibarilə, ABŞ-ın bu prosesdəki mövqeyi onu qlobal sistemin liderindən çox, seçici güc oyunu aparan regional oyunçuya çevirməyə başlayır. Məsələ təkcə İran və İsrail deyil – məsələ beynəlxalq sistemdə kimin "qaydaları müəyyən edən", kimin isə "qaydaları pozan" statusunda tanınacağıdır.
ABŞ-ın Regional Strategiyası: Təzyiq Arxitekturasının İflası
ABŞ uzun illərdir ki, Yaxın Şərqdə tətbiq etdiyi strategiyanı iki sütun üzərində qurmuşdu: İsraillə sarsılmaz müttəfiqlik və İranın regional güc ambisiyalarının neytrallaşdırılması. Bu iki xətt illər ərzində Vaşinqtonun regiondakı əsas təzyiq arxitekturasını formalaşdırdı. Lakin İsrailin son hücumlarına ABŞ-ın açıq dəstəyi həmin arxitekturanın artıq yalnız dayanıqlığını yox, məntiqini də sual altına alır. Çünki region dəyişib – və bu dəyişiklik ABŞ-ın hələ də keçmiş dövrün paradiqmalarına söykənən mövqeyini zərbə altında qoyur.
İsraillə sərhədsiz həmrəylik xətti, əvvəllər Yaxın Şərqdə sabitliyin “qarantı” kimi təqdim olunurdu. Amma bu gün bu münasibət daha çox ABŞ-ın tərəfkeş aktora çevrilməsi, regional münaqişələrin "moderatoru" yox, b tərəfi kimi görünməsi effekti yaradır. Bu isə təkcə İranla bağlı deyil – Suriya, Livan, İraq və Fələstin daxil olmaqla bütöv regional kompleksin artıq Vaşinqtona olan inamını sarsıdır. Çünki ABŞ-ın bu siyasəti regionda bərabərlik və balans prinsiplərinə deyil, seçici güc yanaşmasına əsaslanır.
Bu selektiv mövqe strateji tənhalığa gətirib çıxarır. Əvvəllər ABŞ tərəfindən "qırmızı xətt" kimi müəyyən edilmiş istər dənizdə, istər hava məkanında, istərsə də diplomatik aləmdə təhlükəsizlik sərhədləri – – indi daha çox reaktiv və ziddiyyətli gedişlərə çevrilib. Nəticədə ABŞ-ın regionda tətbiq etdiyi “qorxudaraq cilovlama” (deterrence through dominance) modeli artıq keçərsiz görünür. Çünki müasir Yaxın Şərqdə təzyiq yox, tərəfdaşlıq modeli sabitlik gətirir.
Bununla yanaşı, ABŞ-ın bu siyasəti onu yalnız İranın yox, bütöv Şiə hilalının (İran–İraq–Suriya–Livan–Yəmən) müqavimət şəbəkəsinin daha da birləşməsinə səbəb olur. Bu, Vaşinqtonun "parçala və idarə et" strategiyasının uğursuzluğudur. Regionda gərginlik artdıqca, ABŞ-ın manevr imkanları azalır, çünki hərbi güc tətbiqinin legitimliyi azalır, alternativ güc mərkəzlərinin isə mövqeləri möhkəmlənir.
Ən təhlükəlisi isə budur: ABŞ-ın bu eskalasiyaya verdiyi dəstək yalnız Yaxın Şərqdə yox, qlobal cənubun da ona olan baxışını dəyişdirir. Bu yeni dünyada Vaşinqtonun artıq universal prinsip yox, tərəf maraqları ilə idarə olunan güc kimi dəyərləndirilməsi, gələcəkdə onun BMT-də və digər beynəlxalq təşəbbüslərdə liderliyi davam etdirməsinə maneə törədir.
Avropa İttifaqının Neytral Mövqeyi: ABŞ-ın Strategiyasına Kritik Çağırış
ABŞ-ın İsrailin İranla münaqişəsində açıq tərəf tutması ilə paralel olaraq, Avropa İttifaqı (Aİ) gözlə görünən dərəcədə ehtiyatlı və neytral mövqe tutur. Bu fərq sadəcə diplomatik nüans yox, həm də geosiyasi kartlarda ciddi dəyişikliklərin əlamətidir. Aİ-nin bu tutumu Vaşinqtonun regional strategiyasının artıq qlobal dəstəkdən məhrum olduğunu, təkbaşına hərəkət etmək məcburiyyətində qaldığını göstərir.
Aİ-nin yanaşması müxtəlif məqamlarla səciyyələnir. Bir tərəfdən, Avropa dövlətləri iqtisadi və enerji maraqları səbəbindən Yaxın Şərqdə genişmiqyaslı münaqişənin alovlanmasını istəmirlər. Digər tərəfdən, onlar ABŞ-ın İsrailin sərt addımlarına tam dəstək verməsini həm regionda eskalasiyanı artıran, həm də beynəlxalq hüququn norma və prinsiplərini pozan addım kimi qiymətləndirirlər. Nəticədə, Avropa həm diplomatik sahədə həmrəylik nümayiş etdirməkdən çəkinir, həm də hərbi müdaxilənin ehtimalından uzaq durur.
Bu neytrallıq və ehtiyatlılıq Vaşinqton üçün ciddi zərbədir. Çünki ABŞ-ın uzun müddət dünya siyasətində liderlik mövqeyini qorumaq üçün ən vacib silahı məhz ittifaq və koalisiya qurmaq bacarığı olmuşdur. İndi isə, Aİ-nin passiv və ya hətta soyuma meyilli duruşu, ABŞ-ın Yaxın Şərqdə daha çox tək qaldığını göstərir. Bu, Vaşinqtonun həm də diplomatik təcridinin simvoludur.
Strateji baxımdan, Avropanın bu mövqeyi ABŞ-ı iki tərəfdən sıxışdırır: həm regionda eskalasiyanın qarşısını almaq üçün lazımi dəstəyin azalması, həm də qlobal arenada hegemonluğunun azalması. Bu vəziyyət ABŞ-ı daha çox “regional oyunçu” statusuna endirir, beynəlxalq layihələrdə dominant rolunu isə zəiflədir.
Eyni zamanda, Aİ-nin mövqeyi Çin və Rusiya kimi ABŞ-ın əsas geosiyasi rəqibləri üçün əlverişli diplomatik meydan yaradır. Avropanın ABŞ-dan fərqli yanaşması, Pekin və Moskvanın “stabilizator” obrazını formalaşdırmasına xidmət edir. Bu isə çoxqütblü dünya nizamının sürətli şəkildə formalaşmasına işarədir.
Bundan əlavə, Avropa İttifaqının Yaxın Şərqdə münaqişə risklərinin artması ilə bağlı narahatlığı, enerji təhlükəsizliyi və miqrasiya kimi daxili təhdidlərə səbəb olur. Bu da Aİ-nin ABŞ-ın siyasi xəttindən fərqli olaraq daha balanslı və səmərəli strateji qərarlar qəbul etməsini tələb edir.
Çin və Rusiya üçün bu proses hansı fürsətlər yaradır?
ABŞ-ın İsrailin İranla münaqişəsində açıq dəstək verməsi və bu mövqedə beynəlxalq həmrəylikdən məhrum olması, Çin və Rusiya üçün əlverişli geosiyasi meydan açır. Bu iki böyük güc artıq uzun illərdir qlobal nizamda ABŞ hegemonluğuna alternativ təkliflər üzərində işləyir və bu təkliflər getdikcə praktik gücə çevrilir.
Çin, xüsusən “Bir Kəmər, Bir Yol” təşəbbüsü vasitəsilə Asiya, Afrika və Yaxın Şərqdə iqtisadi və siyasi nüfuzunu sürətlə artırır. ABŞ-ın təkbaşına və bəzən təkfirçi mövqeyi Pekin üçün diplomatik üstünlük yaradır — Çin özünü sabitlik və dialoq tərəfdarı kimi təqdim edərək, ABŞ-ın yaratdığı regional böhranların əksinə durur. Bu, həmçinin Çinin BMT, Ümumdünya Ticarət Təşkilatı və digər beynəlxalq platformalarda daha çox dəstək qazanmasına səbəb olur. Pekinin İranla yaxın münasibətləri də ABŞ-ın təcrid strategiyasını zəiflədir.
Rusiyanın strategiyası isə daha çox hərbi-diplomatik manevrlərə söykənir. Moskva Yaxın Şərqdə ənənəvi müttəfiqləri ilə münasibətləri möhkəmləndirir, Suriyada və Livanda öz hərbi mövcudluğunu artırır, ABŞ-ın nüfuzunun zəifləməsindən yararlanaraq regionda alternativ liderlik iddiasını gücləndirir. Rusiya, həmçinin, ABŞ-ın təkidlə bəyan etdiyi “qırmızı xətləri” pozaraq, Qərbin koalisiya cəhdlərinə cavab olaraq yeni güc balansları yaradır.
Bu kontekstdə Çin və Rusiya həmçinin beynəlxalq hüququn universal prinsiplərini qismən də olsa öz maraqlarına uyğun təfsir edərək, ABŞ-ın “seçici güc tətbiqi” modelinə qarşı çıxırlar. Onlar dünya sistemində daha çox multipolarlığa çağırış edərək, ABŞ-ın hegemonluğunun artıq keçmişdə qaldığını vurğulayırlar.
Bu proseslər ABŞ-ın dünya səhnəsindəki mövqeyini həm də qlobal səviyyədə zəiflədir. Vaşinqtonun təkcə hərbi gücə əsaslanan yanaşması, Çin və Rusiyanın diplomatik çeviklik və iqtisadi təsir vasitələri ilə rəqabətdə geri qalmasına gətirib çıxarır. Bu da öz növbəsində qlobal sistemin yeni qaydalarının yazılmasında Vaşinqtonun səsi ilə yanaşı, Pekin və Moskvanın da artan söz haqqı deməkdir.
Beləliklə, ABŞ-ın İsrailin İranla münaqişəsində seçdiyi mövqe sadəcə bir regional gərginlik deyil, həm də qlobal güc dinamikasının yeni mərhələyə qədəm qoymasıdır. Yeni dünya nizamında hegemonluq iddiası yalnız güc tətbiq etmək deyil, həm də daha geniş strateji əməkdaşlıq və universal legitimlik tələb edir. ABŞ isə bu yeni şərtlərə adaptasiya olmadan, öz mövqeyini sürətlə itirir.
Qlobal Cənubun Ayılmaqda Olan Səssizliyi: Yeni Güc Mərkəzləri və ABŞ-nin Etibar İtkisi
Son illər ərzində qlobal Cənub adlandırılan – Asiya, Afrika və Latın Amerikası ölkələri – dünya siyasətində təkcə “müşahidəçi” yox, tələbkar iştirakçı statusuna keçir. ABŞ-ın İsrailin İrana qarşı hücumunu dəstəkləməsi bu prosesin katalizatoruna çevrildi. Artıq bu ölkələr təkcə imperial keçmişin kölgəsində yox, həm də indiki hegemonluğun ziddiyyətlərində öz mövqelərini daha sərt və ardıcıl şəkildə formalaşdırırlar.
Bu dövlətlər üçün problem təkcə İsrailin hücumu deyil – problem ABŞ-ın bu hücumu beynəlxalq hüququ pozaraq legitimləşdirməyə çalışmasıdır. Suriya, Liviya, Yəmən, Əfqanıstan və digər yerlərdə yaşanan travmalar, bu ölkələrin yaddaşında ABŞ-ın müdaxiləçi və selektiv ədalət daşıyıcısı kimi obrazını möhkəmləndirib. İndi isə həmin ziddiyyətlər yeni diplomatik dirçəliş forması alır – etibarsız Qərb modelindən imtina və alternativ çoxtərəfli yanaşma axtarışı.
BRICS+ kimi təşəbbüslərdə bu dəyişimin konturları aydın görünür. Qlobal Cənub ölkələri Çin və Rusiyanın təklif etdiyi modellərə daha açıq yanaşır, Qərbin isə dominant güc aktoru olmaqla özünə “etik imtiyaz” verməsinə etiraz edir. Məsələn, Cənubi Afrika, Braziliya, İndoneziya, Nigeriya və Səudiyyə Ərəbistanı kimi ölkələr artıq BMT-də və digər beynəlxalq platformalarda daha balanslı və suveren qərar mexanizmləri tələb edirlər.
Qlobal Cənub üçün bu məsələ həm də tarixi postkolonial haqsızlıqlarla bağlı narahatlıqların yenidən gündəmə gətirilməsidir. “Kimə hücum etmək olar, kimə yox? Kim ‘terrorçu’ sayılır, kim ‘müdafiəçi’? Kim üçün beynəlxalq hüquq işləyir, kim üçün yox?” kimi suallar bu dövlətlərin beynəlxalq sistemə olan münasibətini köklü şəkildə dəyişir. ABŞ bu suallar qarşısında cavabsız və təcrid olunmuş görünür.
Bu ölkələr Vaşinqtonu qlobal qeyri-bərabərliyin daşıyıcısı kimi görürlər. İsrailin İranla qarşıdurmasında Vaşinqtonun birtərəfli və selektiv müdafiəsi, bu imici daha da gücləndirir. Bu isə ABŞ-ın gələcəkdə qlobal Cənubla istənilən uzunmüddətli əməkdaşlıq perspektivinə ciddi zərbə vurur.
Beləliklə, qlobal Cənub susmur – sadəcə yeni dil formalaşdırır. Bu dil isə Vaşinqtonun başa düşməyə tələsmədiyi, amma beynəlxalq nizamın legitimlik valyutasını dəyişdirən bir dildir. Sükutla gələn dəyişiklik – bu dəfə ABŞ-ın hegemonluğunu daxildən boşaldan əsas təkan ola bilər.
BMT və Beynəlxalq Hüququn Reputasiya Böhranı
İsrailin İran ərazisinə hücumları və ABŞ-ın bu hərbi eskalasiyaya verdiyi açıq dəstək fonunda, beynəlxalq hüququn və onun simvolu olan BMT-nin səssizliyi, sadəcə reaksiyasızlıq deyil – bu, artıq sistemik legitimlik böhranının dərinləşməsidir. Beynəlxalq ictimaiyyətin "dünya vicdanı" sayılan bu qurumun real güc amilinə çevrilə bilməməsi, müasir beynəlxalq nizamın simvolik olaraq çökməyə başladığını göstərir.
BMT Nizamnaməsinin 2-ci və 51-ci maddələrinə görə, hər bir dövlətin ərazi bütövlüyü və suverenliyi toxunulmaz sayılır. İstənilən hücum – istər dövlət, istərsə də qeyri-dövlət aktoru tərəfindən olsun – ancaq və ancaq BMT Təhlükəsizlik Şurasının sanksiyası ilə cavablandırıla bilər. Lakin reallıqda bu hüquqi mexanizm yox, geosiyasi veto və diplomatik məntiq işləyir. İsrailin İranın ərazisindəki obyektləri bombalaması, ABŞ-ın bunu "özünümüdafiə" adı ilə legitimləşdirməyə çalışması, beynəlxalq hüququn selektiv tətbiq edildiyini bir daha sübut edir.
Əgər hüquq yalnız güclünün xeyrinə işləyirsə, deməli o artıq hüquq yox, texniki mantiyadır. Bu, xüsusən də qlobal Cənub ölkələrinin beynəlxalq hüquq sisteminə olan inamını kökündən sarsıdır. Çünki bu ölkələr üçün hüquq — ABŞ və digər güc mərkəzlərinin maraqlarına uyğun olmayan hallarda – əhəmiyyətsiz deklarasiyaya çevrilib. Nəticədə, BMT-nin hər çağırışı, hər qətnaməsi, hər fövqəladə sessiyası artıq “oyun sonrası protokol”dan uzağa keçmir.
Digər tərəfdən, BMT-nin struktur problemləri – xüsusilə Təhlükəsizlik Şurasındakı daimi üzvlərin veto hüququ – müasir çoxqütblü dünyanın reallığı ilə uyğunlaşmır. Veto ilə bir ölkənin beynəlxalq sülh mexanizmini bloklama imkanı, nəinki ədalətsizlik yaradır, həm də bütün sistemin dondurulmasına səbəb olur. Belə bir durumda beynəlxalq hüququn yox, hərbi gücün və informativ dominantlığın müəyyənedici faktor kimi çıxış etməsi qaçılmaz olur.
Bu vəziyyət yalnız hüquqi yox, həm də əxlaqi kollaps da yaradır. Dünya ictimaiyyəti soruşur: əgər BMT susursa, bu, hücuma razılıqdırmı? Əgər beynəlxalq hüquq selektiv işləyirsə, bu, anarxiya demək deyilmi? Əgər sülh təşəbbüsləri geosiyasi veto ilə boğulursa, bu təşkilat firavan dünya naminə hansı gələcəyi təklif edir?
Beləliklə, BMT və beynəlxalq hüquq sistemi artıq sadəcə struktur islahatına yox, fəlsəfi legitimlik transformasiyasına ehtiyac duyur. Əks halda, mövcud quruluşlar təkcə geopolitik güclərin oyun meydanına çevriləcək və adi dövlətlər üçün yalnız teatr səhnəsi olaraq qalacaq.
Qlobal Liderliyin Sonu, Yoxsa Yeni Formatı? ABŞ üçün Tarixi Dönüş Anı
İsrailin İrana qarşı hücumunu dəstəkləyən yeganə qlobal aktor kimi tək qalan ABŞ, əslində, təkcə diplomatik təcridə uğramır — o, qlobal liderlik iddiasının ən kritik sınağından keçir. Bu, təkcə hər hansı münaqişənin geosiyasi təhlili deyil, həm də qlobal güc anlayışının fəlsəfi və institusional transformasiyasıdır. İndiyədək "liderlik" statusu əsasən hərbi üstünlük, iqtisadi hegemonluq və normativ güc (soft power) üzərində qurulmuşdu. İndi isə bu üç sütunun hər biri sarsılmaq üzrədir.
Birincisi, hərbi güc artıq etimad gətirmir. ABŞ-ın Yaxın Şərqdə apardığı on illərlə davam edən müharibələr, bir çox bölgəni dağıntıya sürüklədi və ardınca davamlı sülh gətirmədi. Nəticə olaraq, bu müdaxilə modeli həm effektivlik, həm legitimlik baxımından iflasa uğradı.
İkincisi, iqtisadi hegemonluq artıq bölüşdürülür. Çin, Hindistan, Rusiya və yeni yüksələn iqtisadiyyatlar artıq qlobal bazarlarda öz qaydalarını formalaşdırmağa başlayıb. Dolların qlobal dominantlığı tədricən sarsılır, ticarət razılaşmaları artıq ABŞ-dan kənar koordinasiya edilir.
Üçüncüsü və bəlkə də ən önəmlisi, normativ liderlik — yəni “dəyərlərə əsaslanan” rəhbərlik modeli — ciddi etibar böhranı yaşayır. ABŞ artıq "demokratiya ixrac edən", "insan haqlarının müdafiəçisi", "qanunların hamıya eyni tətbiq edildiyi" supergüc obrazını qoruyub saxlaya bilmir. Çünki bu dəyərlər yalnız dost olmayan rejimlərə qarşı işlədilir, öz müttəfiqlərinin – istər Səudiyyə Ərəbistanı, istər İsrailin istənilən addımı isə ya susqunluqla, ya da dəstəklə qarşılanır.
Bu kontekstdə alternativ dünya nizamları artıq nəzəriyyə yox, praktik prosesə çevrilməkdədir. BRICS+ modelində Çinin iqtisadi çəkisi, Rusiyanın geosiyasi manevr qabiliyyəti, Hindistanın diplomatik çevikliyi və qlobal Cənubun kollektiv narazılığı birləşərək ABŞ-ın rəhbərlik etdiyi unipolyar nizamın əvəzinə çoxqütblü (multipolyar) nizama keçidi sürətləndirir.
Hazırkı proseslər ABŞ üçün ya öz liderlik modelini yenidən formatlama imkanı, ya da təkbaşına təzyiq siyasətində ilişib qalmaq təhlükəsidir. Birinci yol — daha çox dialoq, multilateralizm və hüquqi legitimlik tələb edir. İkinci yol isə artıq tarixə qarışmaqda olan hegemonluq illüziyası ilə özünü aldatmaqdan başqa bir şey deyil.
Geosiyasi Çağrış və Əxlaqi Seçim
Dünya artıq sadəcə güclülərin oyun meydanı deyil, həm də prinsiplərin də sınaq yeridir. ABŞ-ın bugünkü davranışı təkcə taktiki səhv deyil, həm də qlobal liderliyin əxlaqi böhranıdır. İsrailin hərbi əməliyyatlarını dəstəkləyərək beynəlxalq hüququ yox saymaq, əslində Vaşinqtonun özü üçün qurduğu dünya nizamını alt-üst etməkdir. Beləliklə, ABŞ indi seçim qarşısındadır: liderlik etmək, yoxsa təklənmək?