Fevralın 2-də ABŞ-ın yeni müdafiə naziri Ceyms Mettisin Cənubi Koreyaya və Yaponiyaya səfəri başlayıb. Səfər zamanı nazirin Prezident Donald Tramp administrasiyasının bu ölkələrlə ikitərəfli əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirəcəyi gözlənilir.
Cənubi Koreyaya səfərini başa vurduqdan sonra C.Mettisin fevralın 3-də Yaponiyaya gələcəyi bildirilir. ABŞ müdafiə nazirinin Tokioda Baş nazir Şinzo Abe və yapon həmkarı Tomomi İnada ilə görüşləri planlaşdırılır.
C.Mettis D.Tramp administrasiyasının Yaponiyaya səfər edən ilk nümayəndəsi olacaq. Ekspertlərin fikrincə, səfər zamanı ABŞ-ın müdafiə naziri D.Trampın seçkiqabağı kampaniya zamanı bu ölkələrlə müttəfiqlik razılaşmasının şərtlərinə yenidən baxılacağı barədə bəyanatı ilə əlaqədar yaranmış narahatlığı aradan qaldırmağa çalışacaq.