İŞİD əleyhinə beynəlxalq koalisiyanın Amerika komandanlığı Suriyanın şimalında 400 dəniz piyadasının yerləşdirildiyini bildirib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl Associated Press agentliyi Pentaqonun Rakka şəhərini terrorçulardan təmizləməkdə Suriya müxalifətinə yardım etmək məqsədi ilə bu regiona dəniz piyadaları və ağır artilleriya dislokasiya etdiyi barədə məlumat yayıb .
ABŞ Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. Eyni zamanda, bildirilib ki, ABŞ hərbçiləri döyüş əməliyyatlarında birbaşa iştirak etməyəcəklər.
“Əl-Masdar” nəşri isə öz növbəsində Amerika dəniz piyadalarının hazırda “Suriya demokratik qüvvələri” adlanan müxalif kürd alyansına kömək etmək məqsədi ilə Rakka əyalətinin şimalında ön mövqelər hazırladığını bildirib.
Bir qədər əvvəl ABŞ rəsmiləri Rakka uğrunda döyüşlərin hazırda Mosul şəhərində aparılan əməliyyatlara oxşar ssenari üzrə inkişaf edə biləcəyini deyib.