Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən Eurasia Diary-ə verilən məlumata görə, 18.10.2020-ci il tarixdə səhər saatlarından düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağcabədi rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Yuxarı Qiyaməddinli və Qaraxanlı kəndlərində ümumilikdə 25-dən artıq yaşayış evinə külli miqdarda ziyan dəyib.
Bundan başqa, 19.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Ələsgərli kənd sakini 1962-ci il təvəllüdlü Səlimov Niyaz Hüseynalı oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, yaşadığı evə isə ciddi ziyan dəyib.