2017-ci ildə Riqada Avropa paytaxtları merlərinin sammiti keçiriləcək. Aİ ölkələrinin paytaxt şəhərlərinin merlərinin sammitinin keçirilməsi haqqında qərarı bu günlərdə Amsterdam, Afina, Berlin, Bratislava, Brüssel, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Helsinki, Lissabon, Lyublyana, London, Lüksemburq, Madrid, Paris, Praqa, Riqa, Roma, Stokholm, Tallinn, Valletta, Vyana, Vilnüs, Varşava və Zaqreb şəhərlərinin başçıları qəbul ediblər.
Bu günlərdə Amsterdamda keçirilən sammitdə Avropa paytaxtlarının rəhbərləri Avropa İttifaqının regional siyasət üzrə komissarı Korina Kretsu ilə Aİ paytaxtlarının siyasətini müzakirə edirlər.
Riqanın meri Nil Uşakov Amsterdamda mətbuat konfransında deyib: “Biz Riqada paytaxt şəhərləri merlərinin adətən sammitlərdə danışdıqları məşğulluq, nəqliyyat, kommunal təsərrüfat məsələləri ilə yanaşı, şəhərlərin idarə olunmasında innovasiyalardan, informasiya texnologiyalarından və havanın keyfiyyətindən danışacağıq. Biz bütün Avropa üçün mühüm olan qaçqınlar və Aİ-nin həmrəyliyi kimi məsələlərə toxunmaya bilmərik”.
Riqa Şərqi Avropanın bu irimiqyaslı tədbiri qəbul edəcək ilk paytaxtıdır.
"Azərtac"