Azərbaycanlı şagird II ANİMAFİLM Beynəlxalq festivalında münsif olacaq - FOTOLAR | Eurasia Diary - ednews.net

17 İyun, Bazar ertəsi


Azərbaycanlı şagird II ANİMAFİLM Beynəlxalq festivalında münsif olacaq - FOTOLAR

Mədəniyyət A- A A+
Beynəlxalq ANİMAFİLM festivalının təşkilatçıları Bakıda fəaliyyət göstərən Landau məktəbinin şagirdlərilə görüş keçirib. Tədbirdə Azərbaycanın tanınmış animatoru Elçin Axundov iştirak edirdi. Tanınmış animator cizgi filmlərinin çəkiliş prosesini əyani şəkildə izah etdi, şagirdlərin suallarını cavablandırdı.
 
“ANİMAFİLM” festivalının direktoru Rəşid Ağamalıyev xüsusi olaraq Landau məktəbinin şagirdləri üçün video ismarış ünvanladı. O, uşaqları bu il oktyabr ayında Bakıda keçiriləcək II Beynəlxalq “ANİMAFİLM” festivalında iştirak etməyə dəvət etdi və festivalda uşaqlardan ibarət münsif heyətinə qoşulmaq fürsəti təklif etdi.
 
Uşaqlar “ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalından görüntüləri izlədilər. Bu kadrlar uşaqların heyrətinə səbəb oldu.
 
Elçin Axundov “Azərbaycan animasiyası” kitabını təqdim edərək, şagirdlərə yerli animasiyamızın tarixi haqqında da söhbət açdı. Sonra ANİMAFİLM I Bakı Beynəlxalq Animasiya Festivalının qalibi, “OSKAR” mükafatına namizəd “Late Afternoon” (“Günortadan sonra”), eləcə də "Cırtdan-pəhləvan" cizgi filmləri nümayiş etdirildi. Uşaqlar filmlər haqqında öz təəssüratlarını, onlarda animasiyaya aid formalaşan yeni fikir və fantaziyalar barədə interaktiv müzakirələr apardılar.
 
Festivalın təşkilat komitəsinin üzvü Mirvari Ağakişiyeva şagirdlərlə birlikdə "Gələcəyin Animasiyası" mövzusunda interaktiv oyun həyata keçirdi. Belə ki, şagirdlər öz qəhrəmanlarının animatoru kimi onların təsvirini vərəq üzərində nümayiş etdirdilər.
 
Təşkilat komitəsinin bildirdiyinə görə tezliklə uşaqlardan ibarət münsif heyətilə bağlı yeni məlumat veriləcək. Ayrıca olaraq, Landau məktəbinin şagirdlərindən biri isə bu heyətə daxil olmaq üçün seçiləcək.
 
Xatırladaq ki, 2-ci ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı 18-20 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçiriləcək. Festival üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları bir araya toplamaq, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır.
 
1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...