Bu il Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı yarışmasında təmsil edəcək Azərbaycanın Zaqatala bölgəsindən olan Tural və Turan Bağmanov qardaşları yeni fotosessiyaları ilə diqqət çəkiblər.
Ednews xəbər verir ki, Zaqatalada obyektiv qarşısına keçən əkiz qardaşlar təbit qoynunda çəkilən fotolarını sosial şəbəkədə izləyiciləri ilə bölüşüblər.
Əkizlər qeyd edib ki, Zaqatalada kiçik bir evdən olan iki oğlan tezliklə Liverpuldakı nəhəng Avroviziya səhnəsində çıxış edəcək.
“Zaqatala - bizim qəlbimizdə həmişə xüsusi yer tutan sevimli və doğma şəhərimizdir. Doğulduğumuz, böyüdüyümüz və ilk mahnımızın yazıldığı yerdir. Ailəmiz, dostlarımız və məktəbimiz bugünkü kimliyimizi formalaşdırdı. Bu səyahəti bizim üçün mümkün edən hər birinizə inanılmaz dərəcədə minnətdarıq”.
Qeyd edək ki, bu il Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq.
Aysel Şahmar