Hazırda dünya çox dəyişib. Dünya texnologiya əsirinə çevrilib. Müharibə səsi eşidilir. Artıq ədəbiyyatın lazımsız olduğu düşünülür. Ədəbiyyat dünyanı xilas edə bilərmi?
Ednews bu barədə yazarlar arasında sorğu keçirib. Cavabları təqdim edirik:
Şair Aqşin Yenisey:
"Ədəbiyyatın belə bir öhdəliyi yoxdur".
Yazıçı Alpay Azər:
“Ədəbiyyat dünyanı xilas etməyib və yaxın 10 illərdə xilas etmək gücündə olmayacaq. Dünyanı ancaq sülhə, kompromisə meylli siyasi qərarverənlər, iqtisadi inteqrasiyaya üstünlük verən liderlər xilas edə bilər”.
Yazar Sevinc Elsevər:
“Ədəbiyyata xilasedici kimi niyə baxırsız? Ədəbiyyat əlindən gələni edir insanlıq üçün. Nə qədər bacarırsa! Yanğının üstünə bir damla suyla da getsən köməkdir. Eyni sualı başqa sahələr haqqında da verə bilərik. Məsələn, tibb haqqında. Tibb nə qədər xilas edir? Bacardığı qədər. Bir həkim xəstəni nə qədər xilas edə bilir? Mümkün olduğu qədər. Ədəbiyyat da mümkün olduğu qədər xilas edib, edir, edəcək. Dünya bu gün ədəbiyyata, əlimizə gəlib çatan nağıllara, hekayətlərə, şeirlərə görə bu günkü halına gəlib çıxıb. Bundan sonra da ədəbiyyat insanlara qaranlıqda işıq olmağa davam edəcək.
İnsan ədəbiyyatsız dura bilməz. O, hər addımında ədəbiyyat uydurur. Hekayətlər həyatımızda çox rol oynayır. Ədəbiyyatla içimiz paklanır, vəhşi bir heyvan olmaqdan çıxıb insan oluruq”.
Şair Emin Piri:
“Hər hansı sənətin dünyanı xilas etmək kimi bir öhdəliyi yoxdu. İncəsənət və həmçinin yeni sənət nümunələri elə bu cür faciələrdən qidalanır. Ona görə incəsənətin bunun qarşısını alacağını deyil, bəslənəcəyini düşünürəm. İncəsənət sadəcə bu cür faciələrdə, müharibələrdə insani davranışını qorumaqda, vəhşiliyin miqyasını azaltmaqda yardımçı ola bilər. Ümumilikdəsə ədəbiyyat savaşı kəsmək dozasına malik deyil, nə də ədəbiyyatın istəyi bu deyil.
Həmçinin ədəbiyyatın ölüm yaşadığını düşünmürəm. İnsanlıq təbiilikdən qaçdığına, süniliyə yönəldiyindən duyğular yıpranmağa məruz qalıb. Bu təkcə qol güləşi, qılıncdan müasir texnoloji silahlanmalarla deyil, xarici görkəmə, ruhun əksini tapdığı gözlərə qədər dəyişirsə, süniləşirsə, bir növ ruhlarımız da texnoljiləşir. Ruhu süniləşməyənlərlə birgə ədəbiyyat yaşayır. Digərləri baxımdansa ruhları ölənlərdə ədəbiyyat zatən ölüdür”.
Oğuz