“Təəssüflər olsun ki, bütün ömrünü sənətə həsr edən Elxan Qasımov dünyadan əməkdar artist kimi köçdü”.
Bu sözləri Ednews-a Xalq artisti Nurəddin Mehdixanlı mərhum aktyor Elxan Qasımovla bağlı danışarkən deyib.
“Elxan Qasımovun aramızdan ayrılması Azərbaycan mədəniyyəti, kinosu, teatrı üçün ağır itkidir. Onu “Əhməd haradadır?”ın “Şofer Əhmədi” kimi gənc, cavan, gülərüz xatırlayırıq. Həmin filmə baxanda Elxan müəllimi heç vaxt yaşlı təsəvvür edə bilmirdik. Səmimi insan idi. Təxminən bir ay əvvəl Xəzər Tv-də onunla bir yerdəydik. Ağlımıza gəlməzdi ki, onu bir anda itirəcəyik. Neynək? Həyatdır… Hər birimiz bu yoldan keçəcəyik. Ancaq təəssüflər olsun ki, bütün ömrünü sənətə həsr edən Elxan Qasımov dünyadan Əməkdar artist kimi köçdü, könül istərdi ki, ona da “Xalq artisti” fəxri adı verilsin. Azərbaycan kinosunda həqiqətən böyük xidmətləri, zəhməti var. Hər şeyə rəğmən ürəyimizdə Elxan Qasımov taxtı var. Səmimi, gülərüz, insanlara münasibətdə dürüst… Onu həmişə gözəl insan və aktyor kimi xatırlayacağam”.
Törə Zeynal