İki evin eskizi Oğuz Ayvaz yazır

Mədəniyyət 09:52 05.07.2023
hangi eve
başımızı soktuysak..
yer yerinden oynadı
aşkımızdan...

Özdemir Asaf

Hər evin öz enerjisi, ruhu var. Əşyalar, xatirələr, yaxud qonşular bu enerjinin mənbəyidir. Heç kim öz evindən kənarda xoşbəxt ola bilmir. Məşhur filmimizdə deyildiyi kimi, hətta düşmənimə belə yad evdə yaşamağı arzulamıram. 

Sahiblənmək hissi insanın ibtidai vərdişidir. Bütün ibtidai vərdişlər bizim uşaqlığımızdır. Ev, evi olmaq – ilk insandan üzü bəri bütün insanlar üçün vacib olub. Ev sənin ailən deməkdir. Ev həm də sığınacaqdır – səni düşmənlərdən qoruyan qala. İbtidai dövrdə insanlar evi (mağara) müqəddəs hesab edib. Ora kənar şəxs girə bilməzmiş. Sonradan evimiz daha da böyüdü – onun adını şəhər qoyduq. Doğulduğumuz, boya-başa çatdığımız şəhər bizim evimizə çevrildi. Sonra isə o şəhər də böyüdü, vətən oldu. Evimiz böyüdükcə, biz də boy atdıq. Sonra gördük ki, evimizin içindəki sakinlər də artıb.  

Mən birotaqlı evdə böyümüşəm. Bilmirəm, birotaqlı evə ev demək olarmı. Mənə elə gəlir ki, evsizlə birotaqlı evdə yaşayanlar eyni qapıya çıxır. Ancaq o ev mənim üçün xatirələrimin məskənidir. Nə vaxt ora getsəm, xatirələr canlanır və mən get-gedə balacalaşmağa, uşaqlaşmağa başlayıram. O ev məni uşağa çevirir. Ona görə də evlənəndən sonra da o evdən uzaq düşə bilmirəm. Tez-tez yolumu oradan salır, bəzi gecələr orada yatıram. Yuxularım da o evdə başqalaşır. Gözəl, adamı həyat eşqi ilə dolduran yuxular görürəm. Dedim axı, o evdə uşaqlaşıram. Gözəl yuxuları isə yalnız uşaqlar görür. Böyüklər pis, qorxulu yuxular görür. Böyüklərin bəxtinə ayda-ildə bir dəfə gözəl yuxu qismət olur. O da ki böyüklərin uşağa çevrildiyi anlarda. Yəni sözümün kəsəsi, artıq iki evdə yaşayıram. Birinci ev uşaqlığımın, keçmişimin, ikinci ev isə bu günümün (həm də gələcəyimin) evidir.

Evləndikdən sonra yaşadığım ev Hövsan qəsəbəsində, dəniz kənarında yerləşir. Ev iç-içə, qatar formasındadır. Üç otaq, həyət, eyvan, bir albalı ağacı, bir qızılgül, bir neçə də dibçək gülləri – bu, evin bir cümləlik təsviri. Evin qonaq otağı açıq-narıncı, yataq otağı qəhvəyi, uşaq otağı isə ağ rəngdədir. Evdə böyük televizor, ventilyator, noutbuk, divan, stol və digər əşyalar var. Bizdən əvvəl kimsə yaşamayıb bu evdə. Ev sahibi oğlu üçün tikdiribmiş. Oğlu isə adamyovuşmaz, başı bəlalardan uzaq olmayan adammış. Qanlı-qadalı hadisəyə görə həbs olunubmuş. Ata da təcili şəkildə evi satlığa qoyub.

Bizim bu evi almağımız, sonradan onu təmir elətdirib normal hala gətirməyimiz də uzun söhbətdir. Bircə onu deyim ki, evi tapanda ona ev demək olmazdı – sadəcə dörd soyuq divar və həyət var idi. Sonradan evə pilləkən qoydurduq. O pilləkənlə evə çıxdıq. Sonra ustalar bizi aldatdı. Pulu götürüb aradan çıxdılar. Pilləkənlə göydən asılı qalan evimiz eləcə o vəziyyətdə bir xeyli vaxt qaldı. Axırı, köməkli birtəhər onu xilas edə bildik. Az qala yumbalanıb yerə gələcəkdi. Nə yaxşı ki birlik evimizi uçurtmadı. Yavaş-yavaş, ilmək-ilmək evi hörə-hörə bugünkü vəziyyətinə gətirdik.

Artıq dörd ildir “gələcəyimin evi”ndə yaşayıram. Yazın ilk günlərində evi təmir də etdirdim, amma evin enerjisi sanki döşəmələrin altında qalıb. Hissiz, duyğusuz, xatirəsiz ev göldə boş qalmış qayıq kimidir. 

Bir gün təzə evdə gecə yarısı hövlnak oyandım. Pəncərədən kimsə şüşəni taqqıldadırdı. Qonaq otağının işığını yandırdım. Qapını açıb naməlum varlığa nəzər yetirdim. Pəncərədəki canlı, sən demə, pişik imiş. Təzə evimizdə enerjinin artması, evin nəfəsinin güclənməsi üçün xatirələr əskikdir. Xatirəsi olan evlərin enerjisi daha güclü olur. Niyəsə mənə elə gəlir ki, keçmişi bir əsgər kimi qoruyan evlər daha mükəmməl olur. Düzdü, hamamı axıdır, döşəmə çökür, divarlar nəm olur – ancaq xatirələrin heç bir yerinin təmirə, bərpaya ehtiyacı yoxdur. Çünki xatirələr sınıq-sökük olsa da, xatirədir. Onu təmir etmək məhvə bərabərdir. İndi xatirələrimin evinə gedək, nə demək istədiyimi daha aydın hiss edəcəksiniz. 

Birotaqlı evimizdən az-maz söz açmışdım. Bura yataqxanadır. Yataqxana binası doqquzmərtəbəlidir. Hər mərtəbədə 11 ailə yaşayır. Əvvəllər bura tələbələrin yataqxanası olub. Birinci Qarabağ müharibəsindən sonra isə onu qaçqınlara vermişdilər. O vaxt atama bu ev həm də “gənc mütəxəssis” kimi verilmişdi. Atam uzun illər bu evdə üç uşaqla və anamla yaşadı. 

Yataqxana möhkəm sütunlar üzərində ucalıb. Ancaq get-gedə belini bükməkdədir. Pillələr köhnə, çirklidir. Hər tərəfdən zibil qoxusu gəlir. Üstəlik, kanalizasiya borusu binanın altından keçir. Həmin sahədə ağcaqanadlar şəhərciyi var. Bu şəhərin sakinləri yay, qış demədən yataqxana binasına hücuma keçir, bizi “al-qana” boyayıb çıxıb gedirdilər. Düzü, əvvəllər məhəlləmizdə nizam-intizam var idi. Məsələn, Rəna xala yaratmışdı bu nizamı. Yadımdadır, hər mərtəbədə siyahı hazırlanırdı – həftənin yeddi günü iş bölüşdürülürdü, kim neçənci gün öz mərtəbəsini silib-süpürəcək, zibilləri atacaq və s. Bu bölgü sayəsində yataqxana əməlli-başlı dirçəlmişdi, hər yer par-par parıldayırdı. Rəna xalanın liderliyində qadınlar haradansa gözəl qoxuyan ağac ştilləri də gətirmişdilər. Bizimlə bərabər o ağaclar da böyüdü və hər yerə gözəl qoxular saçdı. Lakin biz getdik – köhnələr yataqxanadan uzaq düşdü. O ağaclar da getdi. Hər dəfə bura gələndə o ağacları axtarıram. Tapa bilmirəm. Bilmirəm, bəlkə də, bu danışdığım da uşaqlığımda gördüyüm gözəl yuxulardan biri idi. 

Uşaqlığımın şəhəridi yataqxana binası. Dəhlizimiz uzun, darısqaldır. İnsanlar bir-biri ilə elə qaynayıb-qarışırdılar ki, deyərdin az qala qohum olacaqlar. Amma biz qohumlardan da yaxın, doğma idik. Yadımdadır, işıqlar sönəndə qonşuların birində mütləq qaz balonu olardı. Hamı yeməyini o balonda bişirər, elə dəhlizin şam işığında yeməyimizi bəh-bəhlə yeyərdik.

Yataqxana binasının üçüncü mərtəbəsində yaşayırdıq. Bir otaq, içində 3 çarpayı. O çarpayılar 3 otağı əvəz edir sanki. Eyvandan görünən uzun yol, sürətlə şütüyən arabalar, insan səsləri, səki boyu uzanan ağaclar... Evimizdə bir yazıçı yaşayıb. Atam. İşdən evə gəlib öz dünyasında yaşayan adamın nağılı. Yayın istisi, qışın qarı demədən tabut darlığındakı eyvanında yazıb-yaradan yazıçının həyatı... Evin enerjisi, ruhu atamın, anamın ruhu ilə qovuşub. Çox qəribədir ki, yoldaşım da darıxanda bura gəlir və özünü xoşbəxt hiss edir. Qəribədir, bura gələndə yazmaq eşqim təzələnir, öləziyən hisslərim yenilənir, həyəcanını unutduğum həyat gözümdə canlanır... Birotaqlı evimizin hər küncü xatirələrlə hörülüb. İndi bu yazını da həmin birotaqlı evimizdən yazıram. Sübh tezdəndir. Qəfil gurultu qopur. Elə bil yolun aşağısından tank keçirdi və o tankın lüləyi düz bizim yataqxanaya tuşlanıb açılmışdı: “bammm...” Səs yazımı yarımçıq qoyur. 

Həyəcanla, qorxu ilə dəhlizdən gələn səsə qulaq kəsilirəm. Yuxarı qonşuda dava-dalaş səsi aləmi götürüb. Yatanlar yerindən dik qalxır. İki dəqiqə sonra səslər kəsilir. Eyvandan közərən tənha işıq dirəkləri, uzaqda hürən küçə itinin səsi sükutun davam etdiyini deyir. 

Birotaqlı evimiz keçmişimin ən işıqlı məskənidir. Pəncərədən baxmaq kifayət edir ki, o işıqlı günlərimi xatırlayım. Evin atmosferi, adamı içinə çəkən enerjisi, mistik aurası məni canına hopdurur. Uşaq olanda pəncərədən mavi dəniz görünür, axşamlar ulduzlu göy üzündə uçan naməlum obyekt axtarır, qışda lopa qarın yağmasına tamaşa edir, uşaqlara soğan atır, bir də anamın səsi eşidilirdi: “Evə gəlin, yemək hazırdı...” Sonra o mavi dənizin qarşısını çəpərlədilər. Bizim tək sevdiyimiz rəngi hasarladılar. Ondan sonra baxışımız yuxarıya tuşlandı – axı göy üzü də mavi idi. Sən demə, bu təsəllini atam uydurubmuş – bizə deyirdi ki, dəniz indi göy üzünə köçüb. Bu köçmək söhbətinə inanırdıq. Çünki özümüz də uzaq bir şəhərdən köçüb gəlmişdik. Harada barxana dolu maşın görsək, gözlərimiz yaşla dolardı. Onda köçməyi faciə hesab edərdik. Biz elə bilərdik ki, hamı bir yerdə yaşamalıdır. Bir evin içində. Onda başa düşməzdik. Nə bilərdik ki, sən demə, o boyda insan birotaqlı evə sığa bilməz.

Birotaqlı evimizdə ilk dəfə atamın hönkürtü ilə ağlamasının şahidi olmuşam. İlk dəfə sevdiyim qızı bu otaqda öpmüşəm. İlk dəfə dostumu döyəndən sonra anamın qarğışına tuş gəlmişəm. Bu ev ilkləri yaşadığım ev olub. 

Atam bir ara siqareti tərgitmişdi. Bir gün yayın cırcırama istisində anamla bazara getmişdik. Əlimiz dolu yolu keçirdik ki, qəfil məni maşın vurdu. Yerə sərildim. Ayağım əzildi. Anam da yerdə, gözlərində qorxu, təşvişlə məni qaldırmağa çalışırdı. Yolun ortasına bazardan aldığımız kartof, soğanlar səpələnmişdi. Anamın yardımıyla, axsaya-axsaya yolu keçdik. Evə gələ bildik. Dedim axı, atam o vaxtlar siqareti tərgitmişdi. İşdən qayıdırdı. Bloka çatanda qardaşım "Oğuzu maşın vurdu" deyəndə ildırım vurmuşa dönüb, tez-tələsik pillələri qalxıb yanıma gəlmişdi. Saçıma tumar çəkdiyi yadımdadır. Sonra qardaşıma əsəbi-əsəbi "get papiros al” dediyini xatırlayıram. Həmin siqareti birotaqlı evimizdə, pəncərədə, gözləri dola-dola çəkmişdi. 

O qədər xatirələr var ki... Hansını yazım, bilmirəm. Balaca, kibrit boyda otağa nələr sığışıbmış, sən demə... Bir otaq deyəndə gözümün qabağında sıralanır – zəlzələ, qorxu, sevinc, xoşbəxtlik, göz yaşı, gülüş, kabus. 

Evimizi pəncərədən doğan günəşin ətrafa yaydığı parlaq işıqla xatırlayıram. Xatırlamağı unudanda belə birotaqlı evə tələsirəm. Tələsirəm ki, yaddaşımda qabıq salmış keçmişimi təzələyim...

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı