İnsanlar dincəlmək məqsədilə yay aylarının gəlməsini səbirsizliklə gözləyirlər. İstirahəti isə müxtəlif məkanlarda, fərqli şəkildə təşkil etmək mümkündür. Eyni zamanda yazıçılar da yayı fürsət bilib dincəlmək istəyirlər.
Maraqlıdır, görəsən bu anomal istilərin hökm sürdüyü şəraitdə yazıçılarımız yay tətilini harada və necə keçirirlər?
Ednews bu barədə qələm adamları arasında sorğu keçirib. Cavabları təqdim edirik:
Xalq şairi Nəriman Həsənzadə:
“Evdə keçirirəm. Ara günlərdə bağa da dəyirəm. Yayı yola verirəm gedir. Bakıdayam, başqa yerə getmədim. Yazmaqdan başqa əlimdən heç nə gəlmir, isti mane olmur. Bu yaxınlarda “Ədəbiyyat” qəzetində yeni şeirlərim dərc edildi”.
Yazıçı Səfər Alışarlı:
“Bakıdayam. Şükür edirəm ki, evdə kondisioner var, yoxsa qırılardıq bu istidə. Günlərimiz ömrün hədər israfı kimi keçir. Heç nə eləmək mümkün deyil”.
Yazıçı Fəxri Uğurlu:
“Mən hələ tətilə çıxmamışam. İşimdə-gücümdəyəm, yazı-pozumla məşğulam”.
Yazıçı Mübariz Örən:
“Bizdə, təəssüf ki, istirahət mədəniyyəti yoxdu. Keyfiyyətli dincələ bilmirik, istirahətə gedib, yorulub qayıdırıq. Rayonlarda açıq soyğunçuluqdur: Aşağı xidmət, fantastik qiymət. Qubanın Qəsrəşinə getmişdim, gördüm adam dolu maşınlar o baş-bu baş şütüyür; hara getdikləri bilinmir, elə şütüyürlər. İstirahət edən yoxdu. Quru yollar açılsaydı, maşınla Gürcüstana, ordan Türkiyəyə gedərdim. Mən oralarda dincəlirəm: Fərqli, təzə yerlər, insanlar, tarix, mədəniyyət”.
Yazar Sevinc Elsevər:
“Tətil onda olar ki, istirahət edəsən. Sevindirici hal odur ki, istidə məktəbə getmirik. Şəhərdəyəm, istidən bişirəm”.
Oğuz