Dünya yazıçılarının fobiyaları, qorxuları hər zaman medianın diqqətini çəkib. Bəs görəsən Azərbaycan yazıçılarının fobiyaları varmı? Yazıçılarımız nələrdən qorxur?
Ednews bu barədə yazıçılarımız arasında sorğu keçirib. Cavabları təqdim edirik:
Səfər Alışarlı:
"Yazıçının ən böyük qorxusu yaxşı mətn yazmaq imkanının olmamasıdır. Səbəblər müxtəlif ola bilər: istedad, sosial, mənəvi, psixoloji və s. Qrafomanlar bu qorxunu hiss etmir. Onlara elə gəlir ki, yazdıqlarının hamısı şedevrdir. Azərbaycan yazıçısı həm də hökumətin qəzəbindən qorxub. Bu, əsassız olmayıb. Onlara zaman-zaman bu qorxunun bütün sifətlərini göstəriblər. Sifətlərlə çox yaxın təmasda olmuş İ.Brodski təxminən belə deyirdi ki, istedadlı yazıçı yaxınlarının həyatını öz qələminin məhsulu ilə sınağa çəkməməlidir. Həyatda həmişə belə alınmır. Bu qorxunu mən 1985-ci ildə Moskvadan qayıdandan sonra Bakı nəşriyyatlarında, mətbuatda və başqa idarələrdə yaxından görmüşəm. Ona qarşı həmişə mübarizə aparmışam. Həyat keçdikcə yazıçı qorxusunun rənglərini, dərəcələrini, istiqamətlərini daha aydın görməyə başladım və sonda o nəticəyə gəldim ki, buna görə yazıçını qınamaq olmaz. Hər kəs öz gücünə və imkanlarına uyğun seçim edir. Azərbaycan yazıçısının qorxmaması üçün ölkəmizdə ictimai, siyasi və mənəvi mühit hələ tam yetişməyib. Qələm müqəddəsdir. Quranda nahaq yerə deyilmir, and olsun qələmə! Görürsənmi, o heç nə ilə adamı ucaldıb tarixdə yaşadır. Belə götürəndə, Novruzəlinin əhvalatı Kərbəla müsibəti-zad deyil ki!.. Amma yaşayır və yaşadır. Ona görə qələmə xəyanət də heç vaxt cəzasız qalmır. O ki qaldı yazıçının, məsələn, çimməkdən, yaxud qaranlıqdan və ya metroya düşməkdən qorxmasına, bunlar yazıçılıq və yaradıcılıq yox, xəstəxanalıq və həkimlik məsələlərdir".
Elçin Hüseynbəyli:
"Bu sual həm gerçək, həm də fəlsəfidir. Gerçək olaraq ilandan və itdən qorxuram. Fəlsəfi olaraq da elə ilan adamlardan və tutağan itxislətli adamlardan. Məncə, sevgimi itirməkdən: insana, ağaca, gülə! Və əksinə, mənə sevgini itirməkdən".
Xanəmir Telmanoğlu:
"Mənim yuxularıma sirayət edə biləcək mərhələli qorxularım olub. Zaman keçdikcə bəzi qorxularım vəfasız azğınlığıı sayəsində yəqin ki, məni ərklə tərk edib. Bəziləri də (yaşantımdan güc toplayıb həyata qarşı məni dolayaraq ) o boşluğu doldurmaq üçün əldən-ayaqdan gedib. Kənddə nənəmin yanında qalırdım. 3-4 yaşım olardı. Gözümü açandan atam şüşəbəndimizin iç divarında böyük və heybətli ayaq üstə durmuş kişi şəkli çəkmişdi. Xəstəliyimə görə yemək yemədiyimdən, məni divardakı o qorxunc kişiylə qorxudurdular. Bir axşam tək evə girdiyimdə elə bildim o kişi şəkli divardan çıxıb məni öldürməyə gəlir. Qorxumdan necə çığırıb bayılmışamsa, gözümü açanda bütün qonşuları başımın üstə görmüşdüm. Sonra o şəkli atam itirdi. Sonrakı dönəmdə ilanların gözlərindən, bədənimə vic-vicə düşür, özümü itirirdim. Deyəsən ilan gözlərinin sədaqətli qorxusu hələ də davam edir. Etiraf edirəm ki, indi mənim qorxularım deyil, idarə etməkdə çətinlik çəkdiyim narahatlıqlarım var: hardansa nəhəng bir meteroid çarpmasından, ya böyük su daşqınından planetimizdə insan nəslinin yox olma təhlükəsi hər addımbaşı varlığımı sarsıdır. Üstəlik də, çağımızda insan türünün genetik dəyişiminin gətirdiyi ilahi eyhamın fərqindəyəm".
Qəşəm Nəcəfzadə:
"Ən çox hündürlükdən qorxuram. Amma təyyarədə bir az rahatam. Pəncərədən baxmıram. Baxan kimi başım gicəllənir. Ona görə də təyyarədə qəti pəncərədən çölə baxmıram. Hətta mən yerdə ola-ola hündürlüyü təsəvvürümə gətirəndə boğuluram, özümü pis hiss eləyirəm".
Mübariz Örən:
"Mənim üçün, bir yazıçı kimi, ən böyük qorxu yaza bilməmək qorxusudur. Yaza bilmirsən, vəssalam! Getmir! Yazılmır! Adamı yekə bir depressiyaya salır bu uğursuz aqibət. Bir çox yazıçılarda olub belə dövr. Yaza bilməyiblər. Adı da var bu sindromun, indi yadıma düşmədi. Deyəsən, Vartlebi sindromudu, nəsə belə bir şey. Amma bu baryeri də aşmaq olar, yəqin ki, ümid edək. Həyatda isə təyyarəyə minməkdən möhkəm qorxuram, baxmayaraq ki, gənclikdə az qala hər həftə harasa uçmuşam. İndi, yox, qorxuram. Minəndə o dünyanı görüb gəlirəm. Xüsusən, təyyarə qalxanda. Düşəndə yox. Halbuki əksinə olmalıdı; statistika göstərir ki, enişdə baş verən qəzalar daha çox olur. Amma gəl bunu "Fobiya müəllimə" başa sal".
Rəbiqə Nazimqızı:
"Ən çox ilandan qorxuram. Yay aylarında otluğa tək girmirəm. Məndən qabaq və ya yanımda mütləq kimsə olmalıdı. İlanın şəklinə və videosuna baxmaq belə mənimçün dözülməzdi. Adını çəkəndə az qalıram üşənəm. İlan oyuncaqlarından da qorxuram. Amma Binəqədidə həyət evində lap yaxınlığına getməli oldum. Qızım gəldi ki, deyəsən, pilləkəndə ilan var, inanmadım. O vaxt eynəklə belə gözlərim zəif görürdü, əməliyyat olunmamışdım. İlanın düz yanına qədər getdim, yalnız fısıltıdan anladım ki, özüdür ki, var. Dərhal evə keçdim və qapını açarla bağladım - sarsıntı içindəydim, elə bilirdim ki, mütləq qapını açarla bağlamaq lazımdı".
Sevinc Elsevər:
"Yəqin hərə bir şeydən qorxar da. Hamının eyni qorxuları olmaz. Çoxu işsizlikdən qorxur yəqin. Mən özüm nadanlıqdan qorxuram. Elə yazıçılarımız da olub ki, heç nədən qorxmayıblar. Fobiya ayrı şeydir, qorxu ayrı şey. Fobiyalar xəstəlikdir, psixoloji natamamlıqdır. Ancaq qorxu real əsası olan normal hissdir. Fobiya hərə də bir cürdür. Məsələn, mən liftə minməkdən qorxaram, qandan qorxaram. Hündürlük fobiyam da var".
İlahə Səfərzadə:
"Mənim yüksəklik fobiam var. Hündürdən aşağı baxa bilmirəm".
Oğuz